MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 3-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Öncə iclasın gündəliyi təsdiqləndi. Cari məsələlərə dair millət vəkillərinin fikirləri, təklifləri dinlənildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini açıqladı.
Gündəlikdəki birinci məsələni İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi. Bildirildi ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanuna əsasən, sığorta məbləğinin minimum miqdarı on bir min manat, sığorta haqqı isə həmin məbləğin 1 faizi miqdarındadır. Qanunun 5-ci maddəsinə təklif edilən dəyişikliyə görə, sığorta olunan həqiqi hərbi xidmət müddətində həlak olduqda, öldükdə, xəbərsiz itkin düşdükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarıyla ölmüş elan edildikdə həmin məbləğ 100 faiz ödənilir. Həmçinin sığorta olunan həqiqi hərbi xidmət zamanı aldığı xəsarətdən ordudan buraxıldıqdan sonra üç il müddətində öldükdə məbləğ yenə 100 faiz ödənilir. Həqiqi hərbi xidmət dövründə xəsarət alaraq və ya xəstələnərək ehtiyata və ya istefaya buraxılanlara isə üç il müddətində I qrup əlilliyə görə on bir min manatın 80 faizi, II qrup əlilliyə görə 60 faizi, III qrup əlilliyə görə 40 faizi miqdarında ödəniş veriləcək.
Sonra deputat Aydın Mirzəzadə məlumat verdi ki, bu qanun layihəsinə Təhlükəsizlik və müdafiə komitəsində baxılıb və parlamentdə müzakirəyə tövsiyə edilibdir.
Milli Məclis qanundakı dəyişikliklərə müsbət münasibət bildirdi.
İclasda deputatlara Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsinə dair qanun layihələri barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, hər iki məcəlləyə edilən dəyişikliklər bu qanunvericilik aktlarını Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi daşıyır. Fikir mübadiləsində deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Sabir Rüstəmxanlı irad və təkliflərini diqqətə çatdırdılar. Qanun layihələri səsə qoyuldu və qəbul edildi.
Gündəlikdəki növbəti iki məsələni təqdim edən komitə sədri Əli Hüseynli nəzərə çatdırdı ki, bu ilin mayında İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklə əlaqədar “İcra haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsinin 327-ci və 329-cu maddələrində dəyişikliklər edilməsinə zərurət yaranıb. Layihəyə əsasən, “İcra haqqında” qanunun preambulasına “inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının” sözləri əlavə olunur və qanunun 1-ci maddəsinə müvafiq dəyişikliklər edilir. İnzibati Xətalar Məcəlləsində isə 15 yaşına çatmış şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə cərimələrin tətbiqi təklif olunur.
Fikir mübadiləsində Tahir Rzayevin, digər deputatların rəyləri dinlənildi. Səsvermə zamanı qanunvericiliyin uyğunlaşdırılması baxımından təklif olunan dəyişikliklər məqbul sayıldı.
Sonra iclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxıldı. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, layihədə ümumtəhsil müəssisələri üçün dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin vergidən azad olunması nəzərdə tutulur. Deputatlar Qənirə Paşayeva, Siyavuş Novruzov, Gövhər Baxşəliyeva, Bəxtiyar Əliyev və başqaları çıxış edərək fikirlərini bölüşdülər. Qanun layihəsi mütərəqqi sənəd kimi dəyərləndirildi. ƏDV-nin ləğvinin elmi ədəbiyyata və orijinaldan tərcümə olunmuş əsərlərə şamil edilməsi də arzulandı. Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.
Parlamentdə Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verdi ki, “Təhsil haqqında” qanunun 14-cü maddəsinə edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Deputatlar Çingiz Qənizadə, Rafael Cəbrayılov, Musa Quliyev, Musa Qasımlı bu qanun layihəsinin humanist mahiyyətini xüsusi vurğuladılar. Milli Məclis qanunu qəbul etdi.
İclasda İnzibati Xətalar Məcəlləsinin 155-ci və 296-cı maddələrinə təklif olunan dəyişikliklər şərh edildi. Müzakirələrdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, millət vəkili Elmira Axundova və başqaları nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, avtoxuliqanlığa görə cərimələrin artırılmasına münasibətlərini açıqladılar. Qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Milli Məclis “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsini də müzakirə etdi. Sənəd barədə məlumat verən Çingiz Qənizadə bildirdi ki, 8 maddədən ibarət bu qanun 15 yaşı tamam olmamış vətəndaşlara fərdi identifikasiya kartının verilməsi, həmin sənədin dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsilə bağlı yaranan münasibətləri tənzimləyəcək. Yeni qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Müzakirələrdə yeni qanunun vacibliyi qeyd olundu. Layihə I oxunuşda səsə qoyuldu və konseptual baxımdan qəbul edildi.
İclasın yekununda “Akkreditasiya haqqında” qanun layihəsi deputatlara təqdim edildi. Bildirildi ki, 4 fəsil, 13 maddədən ibarət yeni qanun ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsini, ticarətdə texniki maneələrin qarşısının alınmasını, həmçinin Azərbaycanda verilən sertifikatın, sınaq, kalibirlənmə və inspeksiya hesabatlarının ölkəmizin ərazisindən kənarda tanınmasını tənzimləyəcək. Milli akkreditasiya sisteminin müvafiq beynəlxalq sistemə uyğunlaşması məqsədi ilə uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya qaydalarının, prinsiplərinin və ona nəzarətin əsaslarını müəyyənləşdirəcək.
Müzakirəyə çıxarılmış sənəd konseptual baxımdan məqbul sayıldı və “Akkreditasiya haqqında” qanun layihəsi I oxunuşda qəbul edildi.
Beləliklə, bugünkü plenar iclasda on məsələyə münasibət bildirən Milli Məclis müzakirələrə yekun vurdu.
Milli Məclisin
Mətbuat xidməti