Aqrar siyasət komitəsinin iclasında

Komitə iclasları
06 dekabr 2013 | 05:12   
Paylaşın:        

 Dekabrın 6-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə  “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib. Qanun layihəsi Milli Məclisə Ekologiya və Təbii Sərəvətlər Nazirliyi tərəfindən hazırlanaraq təqdim olunub.
 Layihə barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Şahmərdan Kərimov bildirdi ki, qanun layihəsi Azərbaycanda insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) qeydiyyatı, mühafizəsi, salınması, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyəcək. Qeyd olundu ki, bu gün Azərbaycanda yaşllıqların mühafizəsi istiqamətində müəyyən boşluqlar var və bu qanun layihəsi onların aradan qaldırılmasını təmin edəcək. Qanun layihəsi yaşıllıqların mühafizəsini də asanlaşdıracaq və onların uçotunun aparılmasına kömək edəcək. Şəhər və digər yaşayış məntəqələrində, o cümlədən parklarda, şəhər bağlarında, bulvarlarda, yaşayış məntəqələrindən kənarda yerləşən istirahət və işgüzar zonalardakı yaşıllıqlar, xüsusi funksiyaları yerinə yetirən yaşıllıqlar da bu sənədin tətbiq dairəsinə şamil edilir. Bu qanun yaşıllıqların idarə olunmasında bələdiyyələrin, hüquqi və fiziki şəxslərin də üzərinə müəyyən məsuliyyət və vəzifələr qoyur.
 Layihəyə əsasən, dövlət ehtiyacları, texnogen və təbii xarakterli hadisələr və onların nəticələrinin aradan qaldırılması zamanı bu yaşıllıqların qırılmasına icazə verilə bilər.
Layihə barədə fikirlərini bildirən komitə üzvləri və müvafiq nazirliklərin nümayəndələri yaşıllıqların qorunması baxımından qanun layihəsini yüksək qiymətləndirdilər və ona böyük ehtiyac duyulduğunu diqqətə çatdırdılar.
Müzakirələrin yekununda məqbul təkliflər nəzərə alındıqdan sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti
 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU