MİLLİ MƏCLİSDƏ İNSAN HÜQUQ VƏ AZADLIQLARININ MÜDAFİƏSİNƏ DAİR DƏYİRMİ MASA KEÇİRİLDİ
Dekabrın 9-da Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda "dəyirmi masa" keçirildi.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, dekabrın 10-u dünyada İnsan Hüquqları Günü kimi qeyd edilir. İnsan hüquqları XXI əsrdə bəşəriyyəti narahat edən məsələlərdən biridir.
İkinci Dünya müharibəsindən sonra qəbul edilən Ümumdunya İnsan Hüquqları Bəyannaməsinin əhəmiyyətindən danışan Rəbiyyət Aslanova diqqətə çatdırdı ki, bu bəyannamə insan hüquqları sahəsində bir sıra beynəlxalq sənədlərin hüquqi bazasını təşkil edir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən silahlı təcavüz nəticəsində zəbt edilməsi və nəticədə 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşməsi məsələsinə toxunan komitə sədri qeyd etdi ki, XXI əsrdə BMT-nin bir üzvünün digər üzvünə qarşı işğalçılıq siyasəti yeritməsi yolverilməzdir.
Komitə sədri bildirdi ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində çox mühüm addmlar atılır. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" buna nümunədir. Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib. Biz bu sahədə beynəlxalq təşkilatlarla təzyiq altında deyil, bərabərhüquqlu üzv kimi əməkdaşlıq etmək niyyətindəyik.
Tədbirdə çıxış edən BMT-nin Bakı nümayəndəliyinin rəhbəri Antonius Broek bildirdi ki, İnsan hüquqları Bəyannaməsinin qəbulundan keçən 65 il ərzində dünyada bu sahədə köklü dəyişikliklər getmiş, böyük işlər görülmüşdür. Onun fikrincə, XXI əsrdə ən çətin iş insan hüquqlarının pozulması hallarını aşkarlamaqdan ibarətdir.
Antonius Broek insan hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etdirməyə hazır olduqlarını diqqətə çatdırdı.
Sonra ombudsman Elmira Süleymanova "Azərbaycanda insan hüquqlarına dair Milli Fəaliyyət Proqramının tələblərindən irəli gələn vəzifələr və nəticələr" mövzusunda çıxış etdi.
Dünya tarixində bir sıra genosid aktlarının baş verdiyini deyən Elmira Süleymanova qeyd etdi ki, soyqırımın ən qəddarı Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti zamanı ermənilər tərəfindən Azərbaycanda, Xocalıda törədilib.
Tədbirdə "İnsan hüquqlarının qorunmasında müasir informasiya texnologiyalarının rolu" mövzusunda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsinin ən bariz nümunəsi və bu istiqamətdə atılan addımlardan biri "ASAN xidmət"in yaradılmasıdır.
Komitə sədri bildirdi ki, "ASAN xidmət" mərkəzlərində 500 mindən artıq vətəndaşa xidmət göstərilib. Təxminən hər gün orta hesabla bu mərkəzlərdə ümumilikdə minə yaxın insana xidmət göstərilir. Komitə sədrinin fikrincə, bu mərkəzləri Azərbaycanda insan hüquqlarının qorunması və təmin edilməsi sahəsində ən bariz nümunə hesab etmək olar. Bu xidmətin fəaliyyətində aşkarlıq və şəffaflıq ən mühüm göstəricidir. Onun fikrincə, "ASAN xidmət" "Gələcəyə baxış: 2020" İnkişaf Konsepsiyasında qarşıya qoyulan məqsədlərə nail olunmasında ən məqbul vasitədir.
Sonra çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay qeyd etdi ki, ATƏT-in Bakı Ofisi Azərbaycanda insan hüquq və azadlıqları, onların qorunması və təmin edilməsi sahəsində bütün dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Onun sözlərinə görə, ATƏT-in Bakı Ofisi Azərbaycanda müxtəlif sahələrdə monitorinqlər aparır. Müəyyən nöqsanlar olduğu təqdirdə onlar dövlət tərəfindən əməkdaşlıq çərçivəsində həll edilir.
Koray Tarqay bildirdi ki, bu gün əldə edilən uğurlar sayəsində Azərbaycanda elə standartlar var ki, onlar ATƏT-in standartlarını da üstələyir. "ASAN xidmət" mərkəzləri həqiqətən yaxşı bir nümunədir. Bu tipli təsisatlar bir çox ölkələrdə var, amma Azərbaycandakı qədər mükəmməl deyil.
Koray Tarqay müqayisəli təhlil apararaq Azərbaycanın çox böyük nailiyyətlər əldə etdiyini bildirdi. Diqqətə çatdırdı ki, irəliyə baxmaqla yanaşı, geriyə də baxmaq lazımdır. Müqayisə aparsaq, görərik ki, Azərbaycan çox böyük inkişaf yolu keçib. Azərbaycanda düzəldilə bilinməyəcək nöqsanlar yoxdur.
Tədbirdə çıxış edən deputatlar Fəttah Heydərov, İlyas İsmayılov, Rəfael Cəbrayılov, Çingiz Qənizadə, Novruz Aslan, Əli Məsimli, Cavanşir Feyziyev, Zahid Oruc, Astan Şahvediyev, Konstitusiya Araşdırmaları Fondunun Prezidenti Əliməmməd Nuriyev ölkəmizdə dövlət-vətəndaş münasibətləri, insan hüquqlarının qorunması sahəsində görülən işlər barədə öz fikirlərini bildirdilər.
Tədbirə yekun vuran Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova belə tədbirlərin əhəmiyyətindən danışdı və insan hüquq və azadlıqlarının qorunması sahəsində çalışan hər kəsə uğurlar arzuladı.
Milli Məclisin
Mətbuat xidməti