MİLLİ MƏCLİSDƏ QƏBUL
Dekabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Qurumunun rəisi, Azərbaycanla Hökumətlərarası Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Parlamentin Sədri qonağı səmimi salamlayaraq müstəqil Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi. Qeyd edildi ki, xalqlarımız arasında tarixən mövcud olan mədəni və dini bağlılıq əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Azərbaycan rəhbərliyi bu ölkə ilə həyatın müxtəlif sahələrində münasibətlərin dərinləşməsini daim diqqət mərkəzində saxlayır. Ölkələrimiz arasında imzalanmış sənədlər bu münasibətlərimizin hüquqi bazasını təşkil edir.
Sədr Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək bu qurumun hər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına öz müsbət töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Bildirildi ki, son on ildə Azərbaycan iqtisadiyyatına 130 milyard ABŞ dollarından artıq investisiya yatırılmışdır. Bu gün müstəqil Azərbaycan özü artıq Avropa və Şərq ölkələrinə investisiyalar qoyan ölkəyə çevrilmişdir.
Sədr parlamentlərin dövlətlərarası münasibətlər sistemində oynadığı roldan söz açaraq, Milli Məclisdə fəaliyyət göstərən Səudiyyə Ərəbistanı ilə əlaqələr üzrə qrupun fəaliyyətini müsbət dəyərləndirdi. Qeyd edildi ki, deputatların səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən danışan Spiker Azərbaycanın ən ağrılı problemi olan bu məsələnin beynəlxalq birliyin səyi nəticəsində tezliklə öz ədalətli həllini tapacağına inamını ifadə etdi.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Əbdüllətif bin Əhməd Əl-Osman ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, Hökumətlərarası Komissiyanın Bakıda keçirilən iclasının əhəmiyyətini yüksək dəyərləndirərək, gələn il belə bir tədbirin Səudiyyə Ərəbistanında baş tutacağını söylədi. Qonaq Azərbaycanın son dövrdə böyük nailiyyətlər əldə etdiyini xüsusi vurğulayaraq, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirdi.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah Heydərov, ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti