MİLLİ MƏCLİSDƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLDİ

Tədbirlər
16 dekabr 2013 | 06:12   
Paylaşın:        

Dekabrın 16-da Milli Məclisdə “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda beynəlxalq seminar keçirildi. Tədbirdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin üzvləri, Azərbaycan Ombudsmanı Elmira Süleymanova, MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun, MDB-yə üzv ölkələrin deputatları, üzv ölkələrin mərkəzi seçki komissiyalarının üzvləri, MDB ölkələri üzrə ekspertlər və digər qonaqlar iştirak edirdilər.
Seminardan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üzərinə tər güllər düzüldü.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzdülər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Sonra tədbir iştirakçıları Milli Məclisin foyesində Parlamentin Mətbuat xidməti tərəfindən təşkil olunmuş və 2013-cü ilin oktyabrında ölkəmizdə keçirilmiş prezident seçkilərinə həsr edilmiş sərgi ilə tanış oldular. Sərgidə müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən müşahidəçilərin seçki prosesini izləməsi fotolarda öz geniş əksini tapmışdı.
Seminarın açılışında əvvəlcə MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev MDB Parlamentlərarası Assambleya Şurasının sədri Valentina Matviyenkonun, Milli Məclisin Sədr müavini Valeh Ələsgərov isə Milli Məclisin Sədri Oqtay Əsədovun seminar iştirakçılarına məktublarını oxudular.
Valentina Matviyenkonun məktubunda deyilir ki, MDB məkanındakı ölkələr gənc müstəqil dövlətlər olduğundan həmin yerlərdə seçki qanunvericiliyi yenidir və mövcud seçki sisteminin təkmilliəşdirilməsinə, eləcə də üzv ölkələrin bir-birilərinin seçki təcrübələrini öyrənmələrinə ciddi ehtiyac var. Bugünkü seminar MDB məkanında seçki qanunvericiliyinin təkmilləşdirilməsində, o cümlədən qabaqcıl təcrübələrin üzv ölkələrdə tətbiqində müstəsna rol oynayacaq. Seminar həmçinin parlamentlərarası əlaqələrin daha da güclənməsinə və bu sahədə əməkdaşlığa öz töhfəsini verəcək.
Milli Məclisin Sədri Oqtay Əsədovun iştirakçılara ünvanladığı məktubda isə deyilir ki, demokratik cəmiyyətlərdə legitim hakimiyyətin formalaşmasının yeganə yolu seçkidən keçir. Bu baxımdan seçki qanunvericiliyinin təkmilləşdirilməsinə və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinin öyrənilməsinə ehtiyac var. Bu tədbir MDB-yə üzv ölkələrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi və öncül təcrübələrin tətbiqi baxımından müstəsna rol oynayacaq. Seçki qanunvericiliyi bütün dövlətlərin öz milli maraqlarına söykənməli və bunun əsasında inkişaf etməlidir.
Sonra çıxış edən MDB Parlamentlərarası Assambleyasının baş katibi Aleksey Sergeyev diqqətə çatdırdı ki, Azərbaycanda keçirilən son prezident seçkiləri ölkədə Mərkəzi Seçki Komissiyasının təkmilləşdiyini, seçki qanunvericiliyinin inkişaf etdiyini göstərir. O, seçki prosesində bu inkişafın şahidi olduqlarını söylədi. Qeyd etdi ki, Azərbaycandakı prezident seçkiləri beynəlxalq, demokratik standartları özündə əks etdirdi. Bu, bizim müşahidə missiyasının hesabatında da göstərilib. A.Sergeyev buna görə Azərbaycan dövlətini təbrik etdi.
Seminarda “MDB və Avropa ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq təcrübəsi”, “Azadlıqdan məhrum olunmuş şəxslərin seçki hüququndan məhrum edilməsinin hüdudları”, “Seçici hüququ və onun hüquqi tətbiqi: Avropa və MDB ölkələrinin təcrübəsi”, “Seçki qanunvericiliyinin təkmilləşdirilməsində konstitusion nəzarətin rolu”, “2013-cü ilin oktyabrında Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri: beynəlxalq müşahidəçilərin gəldikləri nəticələr və qiymətləndirmələr”, “Azərbaycan Respublikasında siyasi sistemin inkişafının əsas ənənələri”, “Azərbaycan Respublikasında demokratik quruculuq: islahat təcrübəsi və əsas nailiyyətlər” və digər mövzularda müzakirələr aparıldı.
Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Seçki Məcəlləsi”nin qəbulundan keçən müddət ərzində bu Məcəlləyə edilmiş əlavə və dəyişiklikləri diqqətə çatdırdı. Bildirdi ki, bu əlavə və dəyişikliklər ötən dövrdə Azərbaycanda demokratik sistemin təkmilləşdirilməsi nəticəsində meydana gəlmişdir.
Əli Hüseynli Azərbaycanda seçki qanunvericiliyinin tətbiqi barədə də məlumat verərək bildirdi ki, seçki komissiyaları paritet əsasında formalaşıb. Bununla da professional seçki idarəetmə strukturu yaradılıb. Müasir dünyada demokratik seçkilərin vacib prinsiplərindən biri seçki prosesinin şəffaflığı hesab olunur. Seçkilərdəki şəffaflıq exit-polların keçirilməsində, barmaqların rəngsiz mürəkkəblə boyanmasında, seçki məntəqələrində veb-kameraların quraşdırılmasında özünü göstərir.
Əli Hüseynli diqqətə çatdırdı ki, ölkə başçısının təsdiq etdiyi Milli Fəaliyyət Planına uyğun olaraq vətəndaşların seçki hüquqlarının təmin olunması istiqamətində mühüm işlər görülür. Seçki hüququ pozulan şəxslərin hüquqlarının təmin olunması və tez bir zamanda məsələnin həll olunması ilə bağlı Seçki Məcəlləsinə əlavə və dəyişikliklər olunub. Bütün bunlar bir daha Azərbaycakı seçki sisteminin demokratik, şəffaf və ədalətli olmasından xəbər verir.
Seminarda çıxış edən MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, deputatlar Hacı Salayev, Fuad Muradov, Çingiz Qənizadə, Ombudsman Elmira Süleymanova, qonaqlar və mütəxəssislər mövzu ilə bağlı fikirlərini bildirdilər, təcrübələrini bölüşdülər. 
Bununla da “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda beynəlxalq seminar öz işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU