MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 17-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri əvvəlcə deputatları “Şahdəniz - 2” layihəsinin imzalanması münasibəti ilə təbrik etdi. O, bunu Azərbaycanın Ulu öndəri Heydər Əliyevin neft strategiyası nailiyyətlərinin davamı, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirdi. Bildirildi ki, bu layihə Azərbaycan xalqının rifahına xidmət edəcək.
İclasda deputatlardan Əli Məsimli, Xanhüseyn Kazımlı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Zahid Oruc, Vahid Əhmədov, İqbal Ağazadə, Fəzail Ağamalı, Flora Qasımova çıxış edərək cari məsələlərlə bağlı fikirlərini bildirdilər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı.
Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki ilk məsələ -“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” parlament qərarına dəyişikliklər və əlavə edilməsi haqqında məlumat verdi. Deputatlar səsvermə yolu ilə sənədə edilən dəyişiklikləri qəbul etdilər.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” sənədə dəyişikliklər edilməsi barədə məsələ ilə əlaqədar Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirildi ki, qanun layihəsi millət vəkillərinin səlahiyyət və vəzifələrini müəyyən edir, eyni zamanda deputat fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial müavinətlər nəzərdə tutur. Təqdim olunan layihəyə əsasən Milli Məclis rəhbərliyinin və millət vəkillərinin vəzifə maaşlarının artırılması nəzərdə tutulub. Qeyd olundu ki, Milli Məclis Sədrinin vəzifə maaşı 1950 manatdan 2250 manata qədər artırılır. Sədrin birinci müavini, sədr müavinləri, komitə sədrləri, komitə sədri müavinləri və millət vəkillərinin vəzifə maaşları müvafiq olaraq parlament sədrinin maaşının 90, 85, 80, 75 və 70 faizi məbləğində nəzərdə tutulur. Əli Hüseynli vəzifə maaşlarındakı vergi tutulmaları ilə bağlı da ətraflı məlumat verdi. Sənəd müzakirə edilərək qəbul edildi.
İclasda “Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə” qanun layihəsi haqqında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Qeyd olundu ki, Azərbaycanın iqtisadi maraqlarına cavab verən sənəd ölkəmizin islam dünyası ilə əlaqələrinin genişlənməsinə xidmət edəcək. Bildirildi ki, 36 islam dövlətini əhatə edən bu korporasiyanın yaradılmasında əsas məqsəd İslam Konfransı Təşkilatına üzv olan ölkələrdə ticarətin maliyyələşdirilməsi və stimullaşdırılmasına yönəlib. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə sənədlə əlaqədar Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi və sənəd səsə qoyularaq qəbul edildi.
Sonra iclasda “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə məsələlərə baxıldı. Hər iki sənədlə əlaqədar məlumat verən Ziyad Səmədzadə bildirdi ki, ölkəmizdə “ASAN xidmət”in fəaliyyəti ilə əlaqədar bu qanunların bəzi maddələrində redaktə xarakterli dəyişikliklərə zərurət yaranıb. Dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Gündəlikdəki növbəti “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədi də Ziyad Səmədzadə şərh etdi. Bildirildi ki, qanunun 6-cı maddəsinə edilən əlavəyə görə, bu sahədə çalışanların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqqlarının 10 faizi miqdarında müəyyən edilir. Sənəd səs çoxluğu ilə qəbul edildi.
Sonra Ziyad Səmədzadə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna edilən redaktə xarakterli dəyişikliklərlə bağlı fikirlərini dedi. Sənəd səsvermə yolu ilə nəzərə alındı.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki növbəti 4 məsələ ilə əlaqədar ardıcıl olaraq fikirlərini bildirdi. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” sənəd “Normativ hüquqi aktlar haqqında” Konststitusiya qanununa uyğunlaşdırılıb. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə dair mübarizə haqqında” qanunlarda edilən dəyişikliklər haqqında danışan komitə sədri bildirdi ki, bu sənədlərdə millət vəkillərinin və vətəndaş cəmiyyəti üzvlərinin müraciətləri nəzərə alınaraq bəzi müddəalarda mövcud olan nöqsanlar aradan qaldırılıb. Sənədlərdə edilən dəyişiklik və əlavələr növbə ilə səsə qoyularaq qəbul edildi.
“Qrant haqqında” qanunda edilən dəyişikliklərlə bağlı İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Qeyd olundu ki, yeni sənədə görə ölkəmizdə qrantların, sub-qrantın, qranta əlavənin qeydiyyatdan keçərək verilməsi, alınması və istifadəsi ilə bağlı hüquqi-iqtisadi münasibətlər tənzimlənəcək. Sənədin Azərbaycan üçün çox əhəmiyyətli olduğu, ölkəmizdə iqtisadi şəffaflığın artırılması baxımından vacibliyi vurğulandı. Sənəd səsvermə yolu qəbul edildi.
Daha sonra “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Sənədlə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirdi ki, 8 maddədən ibarət olan yeni qanun 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına fərdi identifikasiya kartının verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyəcək. Millət vəkili sənədin mükəmməl və dolğun hazırlandığını, qanun layihəsinin Milli Məclisdə birinci oxunuşda müzakirəsindən sonra qeyd edilən təklif və rəylərin tamlığı ilə əksini tapmasını diqqətə çatdırdı. Qanun layihəsi müzakirə edildi, maddə-maddə səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti