TƏHLÜKƏSİZLİK və MÜDAFİƏ KOMİTƏSİNDƏ

Dekabrın 18-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında iki məsələyə baxıldı. Öncə Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərovun məlumatı dinlənildi.
I vitse-spiker bildirdi ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə” sənəd faktiki olaraq on il əvvəl imzalanmış sazişin müddətinin daha beş il uzadılmasını nəzərdə tutur.
Bu sazişin Azərbaycan üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayan deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasını vacib saydılar.
Sonra Ziyafət Əsgərov gündəlikdəki ikinci məsələni – “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” qanun layihəsini şərh etdi. Bildirdi ki, sənədə edilən dəyişikliklər qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətindən irəli gəlir və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədardır.
Müzakirələrdə komitə üzvləri Elman Məmmədov, Hacı Salayev, komitə sədrinin müavini Aydın Mirzəzadə rəylərini bildirdilər.
Yekunda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti