MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI
Dekabrın 27-də Milli Məclisin payız sessiyasında son iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbriklərini çatdırdı.
İclasın əvvəlində cari məsələlər barədə deputatların fikirləri dinlənildikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanıldı. Milli Məclis əvvəlcə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliklər etdi. Bildirildi ki, bu dəyişikliklər həmin orqanlarda çalışanların və hakimlərin maaşlarının artırılması ilə bağlıdır.
Gündəlikdəki dördüncü məsələ - “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin təsdiq edilməsi barədə məlumat verən Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, sənəd 10 il əvvəl imzalanmış sazişin müddətinin daha 5 il uzadılmasını nəzərdə tutur.
Saziş təsdiq olunduqdan sonra iclasda Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılması müddətinin uzadılması məsələsi müzakirə olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, 2014-cü il yanvarın 1-dən etibarən Azərbaycanda Avropa İttifaqı standartlarına uyğun yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılmalı idi. Hazırda Daxili İşlər Nazirliyi bu məsələ üzərində işləyir. Amma bir sıra maddi və texniki problemlər olduğundan qanunun 2014-cü il yanvarın 1-də deyil, 2015-ci il dekabrın 1-də qüvvəyə minməsi təklif edilir. Bununla əlaqədar olaraq deputatlar “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2011-ci il 30 dekabr tarixli Qanuna, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” 2011-ci il 30 dekabr tarixli Qanuna, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanuna, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanuna, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli Qərarının ləğv edilməsi haqqında” 2013-cü il 19 aprel tarixli Qanuna dəyişikliklər etdilər. Bundan başqa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanuna, 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunla təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanun, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2013-cü il 19 aprel tarixli Qanuna, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanuna, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanuna, həmçinin 2007-ci il 10 aprel tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanuna müvafiq dəyişikliklər edildi. Bununla da yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanması müddəti 2014-cü il yanvarın 1-dən 2015-ci il dekabrın 1-nə keçirildi.
Sonra deputatlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara, Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər etdilər. Bildirildi ki, bu dəyişikliklər həmin qanunların “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna uyğunlaşdırılması məqsədi daşıyır.
İclasda İnzibati Xətalar, Əmək, Vergi, Mülki məcəllələrə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna da dəyişikliklər edildi. Bildirildi ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir.
Sonra Milli Məclis “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” və “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanun layihələrini səsə qoyaraq təsdiqlədi.
İclasda “Yaşıllıqların mühafizəsi haqqında” Qanun layihəsi də birinci oxunuşda müzakirə olundu. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, qanun layihəsi Azərbaycanda insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) qeydiyyatı, mühafizəsi, salınması, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyəcək. Qanun layihəsi yaşıllıqların mühafizəsini də asanlaşdıracaq və onların uçotunun aparılmasına kömək edəcək. Şəhər və digər yaşayış məntəqələrində, o cümlədən parklarda, şəhər bağlarında, bulvarlarda, yaşayış məntəqələrindən kənarda yerləşən istirahət və işgüzar zonalardakı yaşıllıqlar, xüsusi funksiyaları yerinə yetirən yaşıllıqlar da bu sənədin tətbiq dairəsinə şamil edilir. Müzakirələrdən sonra deputatlar qanun layihəsini biinci oxunuşda səsə qoyaraq qəbul etdilər.
Sonra iclasda Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə Prezident İlham Əliyevə qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə deputatların adından təbrik məktubu hazırlanması qərara alındı.
İclasın sonunda Milli Məclisin deputatı Sevinc Hüseynova Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətini oxudu. Müraciət aqlışlarla qarşılandı və təsdiq edildi.
Milli Məclisin Sədri Oqtay Əsədov Milli Məclisin payız sessiyasını bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Bununla da Milli Məclisin payız sessiyası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti