REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
24 yanvar 2014 | 04:01   
Paylaşın:        

Yanvarın 24-də Milli Məclisin Regional məsələlər komitəsi parlamentin yaz sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Arif Rəhimzadə məlumat verdi ki, gündəliyə beş məsələ daxil edilib.
Öncə Milli Məclisin 2013-cü il payız sessiyasında görülmüş işlər barədə komitənin hesabatı təqdim olundu. Bildirildi ki, həmin dövrdə komitənin 4 iclası keçirilib, 5-i qanun layihəsi olmaqla 7 məsələ müzakirə olunub. Hesabat dövründə qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olmuş qanun layihələrinin hamısı Milli Məclisdə qəbul edilibdir.
Arif Rəhimzadə onu da qeyd etdi ki, komitənin üzvləri AŞPA, ATƏT PA, MDB PA və TürkPA-nın sessiyalarında, digər beynəlxalq tədbirlərdə, həmçinin ölkəmizin ictimai-siyasi həyatında, xüsusilə Prezident seçkilərində yaxından iştirak ediblər. Azərbaycanın qazandığı uğurlar barədə obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında səmərəli fəaliyyət göstəriblər. 
İclasa toplaşanların nəzərinə çatdırıldı ki, payız sessiyasında komitəyə daxil olan 236 məktub, təklif, ərizə və şikayətə baxılıb, onlardan 140-ı araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Sessiya ərzində Regional məsələlər komitəsinin üzvləri parlamentdə  650-dən çox vətəndaşı qəbul edib, yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçiriblər.
Deputatların yekdil qərarı ilə komitənin fəaliyyəti uğurlu sayıldı və hesabat nəzərə alındı. Sonra iclasda Regional məsələlər komitəsinin 2014-cü il yaz sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarıldı. Fikir mübadiləsi aparıldı və iş planı təsdiqləndi.
Komitənin bu sessiyadakı ilk iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məsələyə də baxıldı. Məruzəni təqdim edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi  Mehdi Səlimzadə vurğuladı ki, 2013-cü il yerli özünüidarə orqanlarının fəaliyyəti baxımından uğurlu olub. Bir çox bələdiyyələr qarşılarında duran vəzifələri layiqincə yerinə yetirərək abadlıq-quruculuq işlərində fəallıq göstəriblər, sosial-iqtisadi layihələr həyata keçiriblər. Bələdiyyələrin beynəlxalq əməkdaşlığı da uğurlu olub, əlaqələri genişlənibdir.
Müzakirələrdə deputatlar Fəzail İbrahimli, Qalib Salahzadə, Rüstəm Xəlilov, Tahir Rzayev, Azər Badamov çıxış edərək rəy və təkliflərini bölüşdülər. Mehdi Səlimzadə deputatları maraqlandıran suallara aydınlıq gətirdi. Komitə bu məruzəni parlamentin plenar iclasına tövsiyə etdi.
Sonra iclasda qanun layihələrinə baxıldı. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” qanun layihəsinə görə, qanunun 14-cü maddəsində hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətinə baxılması təklif olunur.
Gündəlikdəki sonuncu məsələni şərh edən komitə sədri bildirdi ki,  “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə görə, Gürgən qəsəbə inzibati ərazi dairəsi Xəzər rayonunun tabeliyindən çıxarılaraq Pirallahı rayonunun tabeliyinə veriləcək.
Deputatlar Pirallahı rayonunda genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin həyata keçirilməsi baxımından bu dəyişikliyi məqsədəuyğun saydılar və əhalinin rifahı baxımından müsbət nəticələr verəcəyini qeyd etdilər.
Komitədə baxılan hər iki qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU