AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 29-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2014-cü ildə ilk iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov yeni sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik etdi və 2013-cü ilin payız sessiyasında görülən işlər barəsində məlumat verdi. Bildirildi ki, ötən sessiya dövründə komitənin 4 iclası keçirilib, 11 məsələyə, o cümlədən, 9 qanun layihəsinə baxılıb. Komitənin təqdim etdiyi 7 qanun layihəsi Milli Məclisdə qəbul olunub. Hesabat dövründə komitəyə vətəndaşlardan daxil olan 67 müraciətə baxılıb. Qeyd edildi ki, komitə üzvləri xarici ölkələrə səfərlər edib, beynəlxalq qurumların tədbirlərində fəal iştirak ediblər. Müzakirələrdən sonra payız sessiyasında görülən işlər qənaətbəxş hesab olundu.
Eldar İbrahimov qarşıdakı sessiya müddətində görüləcək işlərdən danışdı. Bildirildi ki, sessiya dövründə komitədə yeni hazırlanan “Yaşıllıqların mühafizəsi haqqında” və “Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihələri Milli Məclisə təqdim ediləcək. Komitə sədri qeyd etdi ki, sessiya ərzində yeni qanun layihələri ilə yanaşı bəzi hüquqi sənədlərə də əlavə və dəyişikliklər olunacaq. Komitənin 2014-cü ilin yaz sessiyasının qanunvericlik işləri planı təsdiqləndi.
Sonra Milli Məclis Aparatının İqtisadi siyasət şöbəsinin müdir müavini, Aqrar qanunvericlik sektorunun müdiri Şahmərdan Kərimov “Azərbaycan Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişi təqdim etdi. Qeyd olundu ki, ötən ilin noyabr ayında Kiyevdə imzalanan saziş karantin nəzarətində olan materialların qarşılıqlı idxalı, ixracı və tranziti zamanı bitki məhsullarına zərər verən orqanizmlərin ölkə ərazilərinə daxil olmasının qarşısını alacaq. Bunun üçün tərəflər karantin tətbiq edilən zərərli orqanizmlərin siyahılarını mübadilə edəcəklər. Bildirildi ki, sənəd 5 il müddətinə bağlanıb və bu müddətin bitməsinə ən azı 6 ay qalmış tərəflərdən biri digərinə Sazişin ləğvi barədə rəsmi bildiriş vermədiyi halda onun qüvvəsi avtomatik olaraq növbəti 5 il müddətinə uzadılacaq. Sonra Azərbaycanın “Beynəlxalq Üzüm və Şərab Təşkilatını təsis edən Sazişə qoşulması haqqında” qanun layihəsinə də baxıldı. Sənəddə Beynəlxalq Üzüm və Şərab Təşkilatnın fəaliyyət istiqamətləri, məqsədi, idarəetmə məsələləri öz əksini tapır. 2001-ci ilin aprelində Parisdə imzalanan Sazişə ölkəmiz bəyanatla qoşulur. Bəyanatda qeyd olunur ki, Sazişin müddəaları Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək. Həmçinin, Azərbaycan Ermənistanın işğal altında saxladığı ərazilərdə Sazişin müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyil.
İclasda “Torpaq bazarı haqqında” qanuna təklif olunan dəyişikliklər də müzakirə edildi.
Sonda sənədlər baxılması üçün Milli Məclisin plenar iclasına təqdim edildi.
Milli Məclisin
Mətbuat xidməti