SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
29 yanvar 2014 | 06:01   
Paylaşın:        

Yanvarın 29-da Milli Məclisin Sosial siyasət Komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə üç məsələ daxil edilmişdir. Gündəlikdəki birinci məsələ - komitənin 2014-cü ilin yaz sessiyasının qanunvericilik işləri planını əhatə edir. İkinci məsələ Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Sazişin, üçüncü isə Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihələridir.
Komitənin 2014-cü ilin yaz sessiyasının qanunvericilik işləri planı barədə məlumat verən komitənin sədri Hadi Rəcəbli bildirdi ki, yaz sessiyasında əsasən “Uşaqların istirahəti haqqında” və “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulur. Bundan başqa, sosial sahəyə dair başqa qanun layihələrinin də qanunvericilik təşəbbüsü subyektlərindən Milli Məclisə daxil olması gözlənilir.
Sonra qanunvericilik işləri planı barədə deputatlar İlham Məmmədov, Elmira Axundova, Məlahət İbrahimqızı, Rauf Əliyev, Aparatın Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova fikirlərini bildirdilər, qeyd və təkliflərini diqqətə çatdırdılar.
Gündəlikdəki sazişlər barədə məlumat verildi ki, birinci sənəd Türkiyə Hökuməti ilə əmək miqrasiyasını, xüsusilə iki dövlət arasındakı işçi mübadiləsini tənzimləmək məqsədilə 2013-cü il noyabrın 13-də imzalanmışdır.
Digər sazişə əsasən isə əmək pensiyası hüququ müəyyən olunarkən hər iki dövlətin ərazisində əldə olunmuş iş stajı, eyni dövrə təsadüf etməsi halları istisna olmaqla nəzərə alınacaq. Müzakirələrdən sonra hər iki saziş Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Bununla da Sosial siyasət komitəsinin iclası başa çatdı.
    

 Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU