İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
31 yanvar 2014 | 04:01   
Paylaşın:        

Yanvarın 31-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə iclası açaraq bildirdi ki, 2014-cü ilin yaz sessiyasının qanunvericilik işləri planına əsasən, komitədə Rəqabət Məcəlləsinin, “Reklam haqqında” qanun layihəsinin və iqtisadi sahəyə aid digər sənədlərin müzakirəsi nəzərdə tutulub.
Sonra Ziyad Səmədzadə gündəlikdə duran “Dəniz limanları haqqında” qanun layihəsini deputatların diqqətinə çatdırdı. Qeyd edildi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. Qanun nəqliyyat strukturunun mühüm sahələrindən biri olan dəniz limanlarının statusunun və fəaliyyətinin hüquqi əsaslarını tənzimləyir. Layihənin hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub. Məsələ ilə bağlı açıqlamasında Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov bildirdi ki, qanun layihəsində dəniz limanlarının sərhədləri, infrastrukturu, onların inşası və  genişləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb. Bununla yanaşı, sənəddə limanda fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi, xidmətlərin göstərilməsi qaydaları, habelə torpaq və əmlak münasibətləri, təhlükəsizliyin təmin edilməsi, maliyyə və bir sıra digər məsələlər təsbit olunur.  Layihəyə əsasən, limanlar Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrində dövlət qeydiyyatına alınırlar.
Qanun layihəsi ətrafında gedən müzakirələrdə komitə üzvləri Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Çingiz Əsədullayev, İlham Əliyev, Cavid Qurbanov öz fikirlərini açıqladılar, bir sıra məqamlarla bağlı təkliflərini verdilər.  Deputatlar ölkənin dəniz nəqliyyatının inkişafı, habelə beynəlxalq səviyyədə bu istiqamətdə səmərəli əlaqələrin qurulması baxımından sənədin əhəmiyyətini xüsusi qeyd etdilər. 
Tədbirin sonunda “Dəniz limanları haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU