MİLLİ MƏCLİSİN YAZ SESSİYASINDA İLK İCLASI KEÇİRİLDİ
Fevralın 3-də Milli Məclisin 2014-cü ilin yaz sessiyasında ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Ötən sessiyanın yekunları barədə danışan Milli Məclisin Sədri bildirdi ki, parlament 2013-cü ilin payız sessiyasını uğurla başa vurmuşdur. Parlamentin 10 iclası keçirilmiş, 170 qanun və qərar qəbul edilmişdir. O cümlədən, Milli Məclisin komitələri 62 iclas keçirmiş, 215 məsələyə münasibət bildirmişlər. Ölkədə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını möhkəmləndirmək üçün lazımi tədbirlər görülmüşdür.
Sədr diqqətə çatdırdı ki, Milli Məclisin ötən sessiyası dövründə Azərbaycanın siyasi həyatında son dərəcə mühüm bir hadisə baş vermişdir. Oktyabr ayının 9-da Azərbaycanda prezident seçkiləri keçirilmiş və cənab Prezident İlham Əliyev yenidən Azərbaycan dövlətinin başçısı seçilmişdir. Bu qələbə son 10 il ərzində möhtərəm Prezidentimizin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlərin məntiqi nəticəsi olmuşdur. Tamamilə məntiqlidir ki, Prezident seçkilərində iştirak edən digər namizədlərin heç biri cənab İlham Əliyevlə real siyasi rəqabətə qadir olmamışdır.
Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyev təkcə dövlət başçısı deyil, həm də xalqın həqiqi lideridir. Əminəm ki, bundan sonra da möhtərəm Prezidentimizin səmərəli və müdrik rəhbərliyi ilə Azərbaycan dövləti daha böyük uğurlara nail olacaqdır.
Milli Məclisin Sədri diqqətə çatdırdı ki, payız sessiyası ərzində parlamentin xarici əlaqələri daha da inkişaf etdirilmişdir. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər.
Sessiya dövründə 25 ölkəyə 60-dan çox səfər həyata keçirilmiş, 23 xarici dövlətin və beynəlxalq təşkilatın 30-a qədər nümayəndə heyəti Milli Məclisdə olmuşdur.
Millət vəkillərimiz Gürcüstanda və Tacikistanda keçirilən Prezident seçkilərində, Ukraynada və Türkmənistanda keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak etmişlər.
Sədr qeyd etdi ki, Milli Məclisin yaz sessiyasında deputatları gərgin iş gözləyir. Sessiyanın qanunvericilik işləri planı hazırlanmış, komitələrdə müzakirə olunmuş, bu gün isə Milli Məclisin iclasında müzakirə ediləcəkdir.
Bu sessiyada digər qanun layihələri ilə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatı dinləniləcəkdir.
Bundan əlavə, 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılacaqdır.
Yaz sessiyasının iclaslarında Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun illik məruzələri də Milli Məclisə təqdim ediləcəkdir.
Milli Məclisin Sədri çıxışının sonunda parlamentin yaz sessiyasının da yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etdi.
Sonra cari məsələlərin müzakirəsi zamanı deputatlar seçiciləri narahat edən bir sıra məsələləri diqqətə çatdırdılar. Milli Məclisin Sədri Oqtay Əsədov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.
Əvvəlcə deputatlar Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi barədə məsələlərə müsbət münasibət bildirdilər.
Milli Məclisin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı millət vəkilləri ölkə qanunvericiliyinin daha da təkmilləşdirilməsi ilə bağlı qeyd və təkliflərini bildirdilər. Müzakirələrdən sonra 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı səsə qoyularaq qəbul edildi.
Axşam iclasında deputatlar gündəlikdəki bir sıra beynəlxalq sənədləri müzakirəyə çıxardılar. Belə ki, millət vəkilləri Azərbaycan Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında, İsrail Hökuməti ilə diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında, Azərbaycanla Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazişləri və Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyanı təsdiq etdilər. Qeyd olundu ki, vizaların sadələşdirilməsi və aradan qaldırılması ölkəmizin inkişafının göstəricisidir.
Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyanın təsdiqi insanların yaşamaq hüququnun təmin olunmasının daha da möhkəmləndirilməsinə xidmət edir.
İclasda Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında, bu ölkələr arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair, həmçinin iki ölkə arasında kombinə edilmiş yükdaşımaları haqqında Sazişlər də səsə qoyularaq təsdiq edildi. Bildirildi ki, bu beynəlxalq sənədlərin təsdiqi iki qardaş ölkə arasındakı münasibətləri daha da yaxınlaşdıracaqdır.
Sonra millət vəkilləri "Beynəlxalq Telekommunikasiya Reqlamenti"nin təsdiq edilməsi haqqında qanun layihəsini, "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini, həmçinin Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliyi təsdiqlədilər.
İclasda Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında məsələ də müzakirə olundu. Bildirildi ki, Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 3200 ha torpaq sahəsinin Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdirilməsi təklif olunur. Dəyişikliyə görə, bu qəsəbə Xəzər rayonunun tabeliyindən çıxarılaraq Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək. Sonra dəyişiklik səsə qoyularaq qəbul olundu.
Bununla da Milli Məclisin 2014-cü ilin yaz sesiyasındakı ilk iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti