MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
07 fevral 2014 | 06:02   
Paylaşın:        

Fevralın 7-də Milli Məclisin Mədəniyyət komitəsi parlamentin yaz sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Nizami Cəfərov gündəlikdəki məsələlər barədə məlumat verdi. 
Öncə komitədə Milli Məclisin 2013-cü il payız sessiyası dövründə görülmüş işlər barədə hesabat təqdim olundu. Bildirildi ki, həmin dövrdə keçirilən iclaslarda qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olmuş 6 qanun layihəsi müzakirə edilib və onların hamısı Milli Məclisdə qəbul olunubdur.
Qeyd olundu ki, payız sessiyasında komitəyə daxil olan 63 təklif, ərizə və şikayətə baxılıb, onlardan 49-u tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib. Sessiya ərzində Mədəniyyət komitəsinin üzvləri seçicilərlə sıx əlaqə saxlayıb, parlamentdə  vətəndaşları qəbul ediblər.
Nəzərə çatdırıldı ki, hesabat dövründə komitənin sədri xarici ölkələrin parlament nümayəndə heyətləri ilə, o cümlədən İtaliya Senatının və Cənubi Afrika Respublikası Parlamentinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Komitə üzvləri nüfuzlu beynəlxalq təşkilatlarda fəallıq göstərib, xüsusən AŞPA-da diqqətəlayiq işlər görüblər. Deputatlar həmçinin ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak ediblər.
Hesabat dinlənildikdən sonra yekdil qərar belə oldu ki, payız sessiyasında Mədəniyyət komitəsi kifayət qədər səmərəli işləyib.
Sonra iclasda Mədəniyyət komitəsinin 2014-cü il yaz sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarıldı. Nizami Cəfərov komitə üzvləri tərəfindən hazırlanmış və parlamentin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, komitəyə  qanunvericilik təşəbbüsü qaydasında daxil olacaq qanun layihələri ilə yanaşı sessiya müddətində “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında” qanun layihəsinə də baxılması nəzərdə tutulur. Komitə həmçinin Rafael Hüseynovun hazırladığı “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və Leyla Abdullayevanın hazırladığı “Kulinariya mədəniyyəti haqqında” qanun layihələrini müzakirəyə çıxaracaq və parlamentə təqdim edəcəkdir. İş planında “Azərbaycanda aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi də var. Deputatlar milli sərvətlərimizlə bağlı bir sıra yeni qanun layihələri hazırlamaq, həmçinin bugünün tələblərini əhatə etməyən köhnə qanunları da yenidən işləmək əzmindədirlər.
İclasda komitənin yaz sessiyasına dair iş planı ilə bağlı fikir  mübadiləsi aparıldı və plan təsdiqləndi.
Sonra iclasda komitə sədrinin müavini Rafael Hüseynovun AŞPA-dakı fəaliyyətinə dair məlumatı dinlənildi.
Müzakirələrdə deputatlar Jalə Əliyeva, Leyla Abdullayeva çıxış edərək qanunvericilik fəaliyyətləri barədə fikirlərini, rəy və təkliflərini  bölüşdülər.

 

 Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU