MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

Tədbirlər
08 fevral 2014 | 01:02   
Paylaşın:        

Fevralın 8-də ölkəmizdə səfərdə olan İspaniya Parlamentinin deputatı Xose Maria Çikiyonun başçılıq etdiyi İspaniya nümayəndə heyəti Milli Məclisdə mətbuat konfransı keçirdi.
Mətbuat konfransını açan Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirdi ki, İspaniya Parlamentinin deputatı Xose Maria Çikiyonun başçılıq etdiyi İspaniya-Azərbaycan parlamentlərarası qeyri-formal dostluq qrupunun üzvləri üç gündür ki, ölkəmizdə səfərdədirlər. Səfər müddətində onlar bir sıra səmərəli görüşlər keçirmiş və bugünkü mətbuat konfransı da səfərin yekunlarına həsr olunmuşdur.
Mətbuat konfransında çıxış edən Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı bildirdi ki, Milli Məclisdə İspaniya parlamenti ilə işçi qrup fəaliyyət göstərir. İspaniya bizim üçün çox əhəmiyyətli ölkə olduğuna görə istəyirdik ki, İspaniya parlamentində də belə bir qrup olsun. Bu dostluq qrupunun ölkəmizə səfəri zamanı Milli Məclisin rəhbərliyi, xarici işlər naziri, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət Komitəsinin rəhbərliyi, iqtisadiyyat və sənaye naziri ilə bir sıra faydalı görüşlər keçirildi, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı barədə söhbətlər aparıldı. İnanırıq ki, belə səfərlər qarşılıqlı və davamlı olacaq, ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcəkdir.
Sonra çıxış edən İspaniya parlament nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo bu səfər zamanı Azərbaycan haqqında mühüm və ətraflı məlumatlar aldıqlarını, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə yaxından tanış olduqlarını və həqiqəti öz gözləri ilə gördüklərini diqqətə çatdırdı. Bildirdi ki, ölkələrinə qayıdan kimi Azərbaycan haqqında ətraflı məlumat hazırlayıb yayacaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəklər.
Qonaq qeyd etdi ki, İspaniya BMT-nin bu münaqişə barədə qəbul etdiyi 4 qətnamənin də icra olunmasına çalışacaqdır. Çünki BMT kimi nüfuzlu qurumun qətnamələri 20 ildən artıqdır ki, icra edilməmiş kağız üzərində qala bilməz.
Sonra qonaq ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və Azərbaycanın çox əlverişli coğrafi mövqedə yerləşməsinin bu ölkənin əhəmiyyətini daha da artırdığını diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Asiyaya qapı rolunu oynaya bilər və turizm sahəsindən başlamış müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar var.
Sonra mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırıldı, bir  sıra məqamlara aydınlıq gətirildi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU