MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 14-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açıq elan edən Milli Məclisin Sədri Oqtay Əsədov iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini bildirdi.
Deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər. Çıxışlarda son vaxtlar cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasının narahatlıq doğurduğu qeyd olundu. Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları zamanı “Olimpiya atəşkəsi”nə riayət edilməsi çağırışına erməni silahlı qüvvələrinin məhəl qoymaması pislənildi.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Məruzəni Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim etdi. Bildirildi ki, ötən il yerli özünüidarəetmə orqanlarının fəaliyyəti uğurlu olmuşdur. Bir çox bələdiyyə orqanları qarşıda duran vəzifələri layiqincə yerinə yetirərək abadlaşdırma və quruculuq işlərində fəal iştirak etmiş, sosial-iqtisadi layihələr həyata keçirmişlər. Bütövlükdə bələdiyyə idarəçiliyinin səmərəliliyi artmışdır. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşmış, ictimai əlaqələri güclənmişdir. Dövlət tərəfindən bələdiyyələrə kömək üçün ayrılan maliyyə vəsaitinin 2013-cü ildə artırılması onların işini daha da yaxşılaşdırmış, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını gücləndirmişdir.
Natiq qeyd etdi ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra qanun layihələrinə baxılaraq rəy və təkliflər verilmiş, eyni zamanda mövcud qanunvericiliyə dəyişikliklər edilməsini nəzərdə tutan sənədlər hazırlanaraq aidiyyəti orqanlara təqdim edilmişdir.
Vilayət Zahirov onu da vurğuladı ki, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nında bələdiyyə aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflər, həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanmasına dair müvafiq işlər görülür. Ədliyyə Nazirliyinin regional şöbələrində “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimata əməl olunması məqsədi ilə əməkdaşlar yerlərdə işin təşkili ilə yaxından maraqlanır, sənədlərin icra vəziyyəti araşdırılır və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün zəruri addımlar atılır.
Nazir müavini onu da diqqətə çatdırdı ki, 2013-cü ildə nazirliyə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1855 müraciət (2012-ci illə müqayisədə 17 faiz çox) daxil olmuşdur. Ölkə başçısının vətəndaşlara xüsusi diqqət və qayğı göstərilməsi barədə tapşırığına uyğun olaraq bələdiyyələrin fəaliyyəti ilə bağlı nazirliyə daxil olan müraciətlərin aidiyyəti üzrə həlli istiqamətində lazımi tədbirlər görülmüşdür. Müraciətlər əsasında fəaliyyətlərində nöqsan və çatışmazlıqlar müəyyən edilmiş 248 bələdiyyə orqanına lazımi tövsiyələr verilmişdir. Bu nöqsanlar yerlərdə müzakirə edilərək aradan qaldırılmışdır.
Müzakirələr zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fazil Mustafa, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev məruzə ilə bağlı fikirlərini bildirdilər. Çıxışlardan sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi səsverməyə çıxarıldı və nəzərə alındı.
İclasda “Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” sənədlər də müzakirə edilərək qəbul edildi.
Sonra deputatlar “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan və Belarus respublikaları Hökumətləri arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2004-cü il 5 noyabr tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında məsələlərə münasibət bildirdilər. Hər iki sənəd səsə qoyularaq qəbul edildi.
“Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə məsələyə də baxıldı. Qeyd olundu ki, ötən ilin noyabr ayında Kiyevdə imzalanan saziş karantin nəzarətində olan materialların qarşılıqlı idxalı, ixracı və tranziti zamanı bitki məhsullarına zərər verən orqanizmlərin ölkə ərazilərinə daxil olmasının qarşısını alacaq. Bunun üçün tərəflər ölkələrində karantin tətbiq edilən zərərli orqanizmlərin siyahılarını mübadilə edəcəklər. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatını təsis edən Saziş”ə qoşulması haqqında qanun layihəsinə də baxıldı. Sənəddə Beynəlxalq Üzüm və Şərab Təşkilatının fəaliyyət istiqamətləri, məqsədi, idarəetmə məsələləri öz əksini tapır. 2001-ci ilin aprelində Parisdə imzalanan Sazişə ölkəmiz bəyanatla qoşulur. Bəyanatda qeyd olunur ki, Sazişin müddəaları Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək. Həmçinin, Azərbaycan Ermənistanın işğal altında saxladığı ərazilərdə Sazişin müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermir.
Deputatlar qısa müzakirələrdən sonra “2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə, “Torpaq bazarı haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə texniki dəyişikliklər edilməsi haqqında sənədlərə müsbət münasibət bildirdilər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Prokurorluq haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi barədə məlumat verdi. Dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılması nəzərdə tutulur ki, bu da korrupsiyaya qarşı mübarizə fəaliyyətinn səmərəliliyinin artırılmasına xidmət edəcək. Qanun layihəsi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi baş idarəyə çevriləcək. Sənəd səsvermə yolu ilə qəbul edildi.
İclasda son olaraq deputatlar “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədlə əlaqədar fikirlərini bildirdilər. Sənədlər səsə qoyularaq təsdiq olundu.
Bununla da Milli Məclis öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti