İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
24 fevral 2014 | 06:02   
Paylaşın:        

Fevralın 24-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə iclası açaraq bu günlərdə 22-ci ildönümü qeyd olunan Xocalı faciəsi barədə fikirlərini açıqladı. Bildirildi ki, bu faciə ermənilər tərəfindən Dağlıq Qarabağda törədilmiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılması və ona beynəlxalq miqyasda lazımi qiymət verilməsi istiqamətdə görülən işlərin əhəmiyyəti vurğulandı.
Xocalı soyqırımına münasibət bildirən komitə üzvləri öz çıxışlarında bu faciənin dünyada tanıdılması üçün keçirilən aksiyaları, çap olunan kitabları,  mətbuatda geniş şəkildə işıqlandırılmasını təqdirəlayiq hesab etdilər. Bildirildi ki, bu istiqamətdə atılan addımlar nəticəsində bir çox ölkələrin parlamentlərində, o cümlədən ABŞ-ın bəzi ştatlarında bu dəhşətli hadisə soyqırımı kimi tanınıb, beynəlxalq təşkilatlarda bununla bağlı qətnamələr qəbul olunub. Deputatlar Xocalı soyqırımı ilə bağlı fikirlərini  bildirdikdən sonra iclasın gündəliyi müzakirə olundu.
Komitə sədri Ziyad Səmədzadə ikinci oxunuşda müzakirəyə təqdim olunan “Akkreditasiya haqqında” qanun layihəsi barədə danışdı. O, layihənin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlandığını söylədi. Bildirildi ki, layihə qeyri-neft sektoruna aid məhsulların dünya standartları səviyyəsinə çatdırılmasında vacib rol oynayır. Sənəddə birinci oxunuşdan sonra deputatların verdiyi təkliflərin nəzərə alındığı və bir sıra düzəlişlərin edildiyi qeyd olundu.
Sənəddəki düzəlişlər barədə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev məlumat verdi. Bildirildi ki, layihədə bir sıra anlayışların izahatının daha geniş şəkildə verilməsi, bəzi anlayışların isə siyahıdan çıxarılması məqsədəmüvafiq hesab edilib. İclasda sənədin istehlakçıların hüquqlarının qorunması, ölkənin akkreditasiya sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyəti qeyd edildi. 
Tədbirdə çıxış edən komitə üzvləri Vahid Əhmədov, Ayaz Orucov, Çingiz Əsədullayev, Əli Məsimli müzakirəyə təqdim olunan qanun layihəsində edilən düzəlişlərin zəruriliyini qeyd edərək, bütövlükdə sənədin  ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, daxili bazarın inkişafı, məhsullarımızın dünya bazarına çıxarılması istiqamətində vacibliyini bildirdilər. Millət vəkilləri “Akkreditasiya haqqında” qanun layihəsini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU