SOSİAL SİYASƏT DAİMİ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
21 fevral 2012 | 06:02   
Paylaşın:        

Fevralın 21-də Milli Məclisin Sosial siyasət daimi Komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxil edilmişdir. Gündəlikdəki birinci məsələ - “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin üçüncü oxunuşu barədə məlumat verdi. Bildirdi ki, layihə Milli Məclisdə ikinci oxunuşda müzakirə olunduqdan sonra deputatların səsləndirdikləri rəy və təkliflər təhlil edilmiş, məqbul hesab edilənlər nəzərə alınmışdır. Qeyd olundu ki, bu qanun dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi sahəsində yaranan münasibətləri tənzimləyəcəkdir.
Komitə üzvləri qanun layihəsinin əhəmiyyətini nəzərə alaraq onu üçüncü oxunuşda  Milli Məclisin iclasında müzakirəyə tövsiyə etdilər.
Sonra Hadi Rəcəbli Ailə Məcəlləsinə təklif edilən dəyişikliyi komitə üzvlərinin diqqətinə çatdırdı. Məlumat verdi ki, məcəllənin 13-cü maddəsinə nikaha daxil olan şəxslərin bir-birilərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına tibbi müayinədən keçmələri haqqında arayış təqdim etmələri barədə bənd əlavə olunur. Əlavəyə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı nikahı qeydə almazdan əvvəl tərəfləri tibbi müayinə haqqında arayışın nəticələri ilə tanış edir.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi barədə iclas iştirakçılarına məlumat verdi.
Çıxış edən deputatlar, müvafiq nazirliklərin və gənclərin nümayəndələri bu dəyişikliklərin gələcək ailələrin sağlam qurulmasında mühüm rol oynayacağını nəzərə çatdırdılar. Bildirildi ki, məcəlləyə bu müddəanın əlavə olunması gənc ailələri gələcəkdə qarşıya çıxa biləcək bir sıra problemlərdən qoruyacaqdır.
Müzakirələrdən sonra məsələ Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti
  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU