MİLLİ MƏCLİSİN İCLASINDA XOCALI SOYQIRIMI YAD EDİLDİ
Fevralın 25-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi.
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə bu günlərdə 22-ci ildönümü qeyd olunan Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Milli Məclisin Sədri bildirdi ki, Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirmişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görülən tədbirlər mütəşəkkil xarakter almışdır. Bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir.
İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, Panama və Honduras parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, eyni zamanda, digər dövlət orqanlarının, o cümlədən Milli Məclisin, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin nəticəsidir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir.
Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Gündən-günə həm siyasi, həm iqtisadi gücü artan Azərbaycan həm Dağlıq Qarabağı, həm də onun ətrafındakı 7 rayonu işğaldan azad edəcək və Xocalı soyqırımının günahkarları öz layiqli cəzalarını alacaqlar.
Sonra millət vəkilləri Milli Məclisin iclasında iştirak edən, ölkəmizdə səfərdə olan Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun üzvlərini alqışladılar.
İclasda Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı müzakirələr aparıldı. Deputatlar çıxış edərək XX əsrin ən dəhşətli faciəsi – Xocalı soyqırımının dünyada tanıdılması, bu soyqırımını törədənlərin ədalət mühakiməsi qarşısında oturdulması və layiqli cəzalarını almaları üçün birgə səylərin artırılması ilə bağlı rəy və təkliflər irəli sürdülər.
Sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başladılar. "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi haqqında Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi. Bildirdi ki, sənəd dəniz ətraf mühiti və sahilyanı əraziləri, bioloji resurslar və insan sağlamlığı üçün quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində yaranan çirklənmənin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olundu ki, Xəzər dənizi qapalı hövzə olduğu üçün buradakı mühit çirklənməyə qarşı daha həssasdır.
Millət vəkilləri müzakirələrdən sonra sənədi səsə qoyaraq təsdiqlədilər.
İclasda "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında" Sazişin (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə, həmçinin "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul edildi.
Sonra deputatlar "Dəniz limanları haqqında" qanun layihəsini birinci oxunuşda müzakirə etdilər. Bildirildi ki, qanun dəniz limanlarının statusunun və fəaliyyətinin hüquqi əsaslarını tənzimləyəcək. Layihənin hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub və burada dəniz limanlarının sərhədləri, infrastrukturu, onların inşası və genişləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb. Bununla yanaşı, sənəddə limanda fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi, xidmətlərin göstərilməsi qaydaları, torpaq və əmlak münasibətləri, təhlükəsizliyin təmin edilməsi, maliyyə və bir sıra digər məsələlər təsbit olunur. Layihəyə əsasən, limanlar Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrində dövlət qeydiyyatına alınırlar.
Müzakirədən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olundu. Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti