HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Martın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Əli Hüseynli gündəlik barədə məlumat verərək bildirdi ki, bugünkü iclasda 5 məsələnin müzakirəsi planlaşdırılıb.
Əvvəlcə komitə üzvləri Cinayət və Cinayət-Prosessual Məcəllələrin bir neçə maddəsində dəyişiklikləri müzakirə etdilər. Qeyd olundu ki, hər iki sənədin müvafiq maddələrinə edilən dəyişikliklər terrorizm cəhdləri, terrorçuluğa açıq çağırışlar, dini düşmənçilik və ya dini ayinlərin icrası adı altında vətəndaşlığı olmayan şəxslərin məzhəbini yaymaq, silahlı münaqişələrə cəlb etmək, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq kimi qanunsuz halların qarşısını almaq üçün nəzərdə tutulan müvafiq maddələrin sərtləşdirilməsini özündə ehtiva edir.
Çıxış edən deputatlar Rövşən Rzayev, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Rəfael Cəbrayılov dəyişikliklərin zəruri olduğunu vurğuladılar, sənədlərin əhəmiyyətindən danışdılar.
İclasda həmçinin “Qeyri-dövlət mühafizə fəaliyyəti haqqında” və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanun layihələrinə texniki xarakterli dəyişikliklərə baxıldı.
Sonra “Dövlət qulluqçularının icbari sığortası haqqında” qanunun ləğv edilməsi barədə sənəd müzakirə edildi. Bildirildi ki, Konstitusiyanın müvafiq hissəsi rəhbər tutularaq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun nəzərə alınır və bununla əlaqədar “Dövlət qulluqçularının icbarı sığortası haqqında” qanun ləğv edilir.
Sonda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti