SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
05 mart 2014 | 06:03   
Paylaşın:        

Martın 5-də Milli Məclisin Sosial siyasət Komitəsinin iclası keçirildi. İclasın gündəliyinə  “Tibbi sığorta haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilmişdi.
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, “Tibbi sığorta haqqında” qanuna qanun yaradıcılığı texnikası baxımından dəyişikliklər təklif olunur.  Ümumiyyətlə, son zamanlar ölkədə tibbi sığorta ilə bağlı ciddi addımlar atılır. Bu isə qanunun monitorinqinin aparılması və gələcəkdə sənədə zamanın tələbinə uyğun daha bir neçə dəyişikliyin edilməsi zərurətini yaradır. Millət vəkilləri bildirdilər ki, son illər ölkədə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hər kəsin marağında olan tibbi sığortanın tətbiqi bu işlərin mühüm istiqamətlərindən biri olacaq. 
İclasda “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif olunan dəyişikliklərə də baxıldı. Belə ki, paralimpiya, deflimpiya və xüsusi idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak zamanı idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri tərəfindən qanunun 60.1-ci maddəsinə uyğun olaraq icbari qaydada sığorta ediləcəklər. Yeni redaksiyada verilən həmin maddədə qeyd olunur ki, bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar, idman hakimləri, məşqçilər peşəkar fəaliyyətləri ilə əlaqədar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq icbari qaydada sığorta ediləcəklər.
Müzakirələrdən sonra hər iki qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU