TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA

Martın 6-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclası keçirildi. Parlament sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov deputatların müzakirəsinə “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədin təqdim olunduğunu bildirdi.
Qeyd olundu ki, son vaxtlar dünyada gedən qlobal proseslər və iğtişaşlar ölkəmizə də təsir edir. Bəzi məktəb və məscidlərdə, müxtəlif təşkilatlarda aqressiv dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratması, təbliğat aparması, terrorçuluğa açıq çağırışlar səsləndirilməsi hallarına rast gəlinir. Buna görə də sözügedən sənəddə ölkənin və dövlətin milli maraqlarına uyğun olaraq bəzi maddələrin sərtləşdirilməsi zəruridir. Bu, əsasən beynəlxalq terror fəaliyyəti, terrorçuluğun maliyyələşdirilməsi, terror aksiyaları təşkil etmə, planlaşdırma, hazırlama, əhali arasında vahimə yaratmaq, bu məqsədlə media orqanlarından, internetdən, sosial şəbəkələrdən istifadəetmə hallarını əhatə edir. Komitə sədri onu da vurğuladı ki, indiyədək Azərbaycan bununla əlaqədar 15-dən artıq beynəlxalq konvensiyaya qoşulub, parlamentdə bir sıra mühüm qanun və qərarlar qəbul edilib.
Komitə üzvləri Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov, Aqil Abbas, Adil Əliyev, Zahid Oruc, Elman Məmmədov çıxış edərək bildirdilər ki, hər hansı bir şəkildə terror fəaliyyətində iştirak edən şəxsin cəzalandırılması onun ətrafının, ailəsinin, bundan əziyyət çəkən digər fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi baxımından da vacibdir.
Ətraflı müzakirələrdən sonra sənədin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti