BAKIDA MDB PA-nın BÜDCƏ NƏZARƏTİ KOMİSSİYASININ İCLASI OLDU
Martın 13-də Milli Məclisdə Müstəqil Dövlətlər Birliyinin iştirakçisi olan dövlətlərin Parlamentlərarası Assambleyasının Büdcə nəzarəti komissiyasının iclası keçirildi. Tədbirə komissiyanın sədri, Qırğız Respublikası Joqorku Keneşin üzvü Maksat Sabirov sədrlik edirdi.
Azərbaycan parlamentinin rəhbərliyi adından Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qonaqları salamladı. Vitse-spiker komissiyanın işinə uğurlar arzulayaraq yüksək peşəkarlıqla hazırlanmış bu tədbirdə səmərəli qərarlar qəbul ediləcəyinə əminliyini bildirdi.
Sonra MDB PA-nın Büdcə nəzarəti komissiyasının sədri Maksat Sabirov iştirakçıları iclasın gündəliyi ilə tanış etdi.
Öncə “Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti barədə” məruzə dinlənildi. Komissiya üzvlərinə ölkə sənayesinin son illərdəki inkişafı, dünya və MDB iqtisadiyyatında Azərbaycanın tutduğu önəmli yer, reytinq cədvəllərində irəliləməsi, ÜDM-in artımı, rəqabətə davamlı məhsulların istehsalı və s. barədə ətraflı məlumat verən İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov qonaqları maraqlandıran suallara geniş cavab verdi.
Tədbirdə MDB PA katibliyinin əməkdaşı Anna Ruxmakova maliyyəyə dair bir sıra məsələlər, o cümlədən 2013-cü ildə MDB PA-nın fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulmuş gəlirlər və xərclər smetasının icrası, MDB Gənclər Parlamentlərarası Assambleyasının keçirdiyi tədbirlərin maliyyələşdirilməsi, “MDB PA-nın fəaliyyətinin maliyyələşdirilməsi haqqında” qərar layihəsi və digər sənədlər barədə məlumat verdi.
Sonra MDB PA katibliyinin əməkdaşı Viktor Mixayluk qurumun 2014-cü ilə dair iş planı barədə məruzə etdi. Daha sonra MDB dövlət başçıları Şurası və MDB hökumət başçıları Şurası tərəfindən qəbul olunmuş dövlətlərarası müqavilələrin və digər sənədlərin qüvvəyə minməsi üçün görülən işlərdən danışdı.
İclasda Büdcə nəzarəti komissiyasının 2013-cü ildəki fəaliyyətinin yekunlarına xüsusi nəzər salındı.
Tədbirdə həmçinin MDB PA Şurası Katibliyinin Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutunun Bakı filialının fəaliyyəti barədə məruzə dinlənildi. Filialın direktoru Elman İmaməliyev filialın strukturu, Azərbaycanda və digər MDB ölkələrində keçirilən seçkilərdə iştirakı, həyata keçirdiyi tədbirlər, nəşr etdirdiyi materiallar barədə ətraflı məlumat verdi.
İclasda bütün məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. İradlar, rəy və təkliflər bildirildikdən sonra məruzələr nəzərə alındı.
Komissiya təşkilati məsələlərə də baxdı. Maksat Sabirov yenidən MDB PA-nın Büdcə nəzarəti komissiyasının sədri seçildi.
Tədbirdə MDB PA Baş katibinin müavini, qurumda Azərbaycan parlamentinin daimi nümayəndəsi Aydın Cəfərov, Milli Məclisin komitə sədrləri və deputatlar iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti