KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
14 mart 2014 | 01:03   
Paylaşın:        

Martın 13-də Milli Məclisin Aqrar siyasət və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirildi. İclasda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov iştirak edirdi.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov iclası açaraq “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə  təqdim edildiyini bildirdi.
Qanun layihəsi barədə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini – aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə məlumat verdi. Bildirildi ki, birinci oxunuşda verilən təklif və rəylər nəzərə alınaraq sənəddə zəruri düzəlişlər edilmişdir. Belə ki, qanunun tətbiq dairəsi ilə bağlı maddədə lazimi dəyişiklik edilmiş, göstərilmişdir ki, qanun meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət ərazilərində, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət yaşıllıqlara, həyətyanı sahələrdə və şəhərətrafı bağ sahələrində olan yaşıllıqlara şamil edilmir. Həmin yaşıllıqlarla bağlı məsələlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Layihəyə əlavə olunan “Yaşıllıqların növləri” adlı 5-ci maddədə   yaşayış məntəqələrində olan yaşıllıqların növləri sadalanır. Eyni zamanda qeyd olunur ki, burada göstərilən növlərə aid olan yaşıllıq obyektləri, onların təyinatı, istifadə qaydaları aidiyyəti orqan tərəfindən müəyyən edilir.
Qeyd edildi ki, yaşıllıqların idarə olunmasında dövlətin vəzifələri ilə bağlı maddəyə ölkədə yaşıllaşdırmanın baş sxeminin hazırlanması və təsdiqi, şəhərlərdə yaşıllıq normasının müəyyən edilməsi, yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları əks olunan 3  yeni müddəa əlavə edilib. Ümumilikdə, qanun layihəsinin 14 maddəsində bir çox əlavə və dəyişikliklər aparılmış, layihəyə 2 yeni maddə, 21 yeni müddəa əlavə edilmiş, dil və üslub baxımından bir sıra düzəlişlər edilmişdir.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, deputatlar Eldar Quliyev,  Elton Məmmədov, Muxtar Babayev, Fuad Muradov, Novruz Aslanov, Arif Əşrəfov, aidiyyəti qurumların nümayəndələri çıxış edərək qanunun əhəmiyyəti barədə fikirlərini açıqladılar, rəy və təkliflərini verdilər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU