MİLLİ MƏCLİSDƏ HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ
Martın 14-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı dinlənildi. Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı.
Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq bildirdi ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2013-ci ildəki fəaliyyəti barədə hesabat verir.
Sədr diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatda ətraflı təhlil edilmişdir. Eyni zamanda, bir qədər səngiyən, amma hələ də davam edən qlobal iqtisadi böhran şəraitində Azərbaycanın durumu araşdırılmış, gələcəkdə yerinə yetirilməli olan vəzifələr müəyyənləşdirilmişdir.
Hesabatda qeyd edildiyi kimi, iqtisadiyyatımız 2013-cü ildə də xarici təhdidlərə qarşı güclü müqavimət qabiliyyətini saxlamışdır. Ölkəmizdə makroiqtisadi sabitlik qorunmuş, milli iqtisadiyyatın bütün sahələrində ciddi irəliləyişlər baş vermiş, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası davam etmişdir.
Ölkə iqtisadiyyatında il ərzində əldə edilən ən uğurlu nəticə ümumi daxili məhsul istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə bu göstərici 2,1 faiz təşkil etmişdir. 2013-cü ildə Azərbaycanda inflyasiya birrəqəmli səviyyədə saxlanılmışdır. Bizim üçün digər önəmli fakt iqtisadiyyatımızın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz-bənd artaraq 56,6 faiz olmuşdur.
Milli Məclisin Sədri bildirdi ki, hesabat ili ərzində Dövlət Neft Fondunun vəsaitləri 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatmışdır. Ölkədə həyata keçirilən pul-kredit siyasəti sayəsində Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 21 faiz artaraq, 14,1 milyard dollara yaxınlaşmışdır. İl ərzində manatın məzənnəsinin sabitliyi qorunub saxlanılmışdır.
Sədr qeyd etdi ki, hazırda Azərbaycanın məcmu valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətinə görə Azərbaycan dünyanın ilk 20 ölkəsi sırasına daxil olmuşdur.
Sədr bu məsələ ilə bağlı bir məqama da toxunaraq diqqətə çatdırdı ki, ki, son illər dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar diqqəti neftin ixrac qiyməti məsələsinə cəlb edir, onun 100 dollar civarında götürülməsindən narahatlıq bildirirdilər. Zaman göstərdi ki, hökumət öz proqnozunda yanılmamışdır. Hesabatdan da göründüyü kimi, il ərzində mənfəət neftinin orta çəkili satış qiyməti 109,1 dollar olmuşdur.
Ötən il Azərbaycan dünyanın 149 ölkəsi ilə 34,7 milyard dollar məbləğində xarici ticarət əməliyyatı aparmışdır. Burada önəmli cəhət xarici ticarət dövriyyəsinin 44 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsidir.
Sədr bildirdi ki, hesabat ilində sahibkarlığın inkişafı, qeyri-neft sektoruna, sosial və infrastruktur layihələrinə investisiya qoyuluşları üçün əlverişli şərait yaradılmışdır. Bunun sayəsində ölkə üzrə 22 milyard manat (28 milyard dollar) sərmayə qoyuluşu həyata keçirilmişdir. İnvestisiyaların 62 faizdən çoxu daxili mənbələr hesabına təmin edilmişdir.
Prezident İlham Əliyevin göstərişinə əsasən əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması yolu ilə yoxsulluq səviyyəsinin azaldılması Hökumətin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Hesabatdan göründüyü kimi, iqtisadiyyatda işçilərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata (540 dollara) çatmış, yoxsulluq səviyyəsi ilin yekununa görə 5,3 faiz təşkil etmişdir.
Milli Məclisin Sədri çıxışına yekun vuraraq qeyd etdi ki, hökumətin hesabatının Milli Məclisdə keçirilən müzakirələri icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşməsinə, mövcud problemlərin araşdırılmasında və həllində millət vəkillərinin iştirakına imkan yaradır. Bildirildi ki, təqdim olunan hesabatdan da göründüyü kimi, hökumət müzakirələr zamanı millət vəkillərinin təkliflərinə diqqətlə yanaşır, dövlət proqramlarının və digər sənədlərin hazırlanmasında onları nəzərə alır. Hesabata diqqət yetirdikdə 50-dən çox millət vəkilinin qeyd və təkliflərinin nəzərə alındığı görünür.
Sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim etdi.
Baş nazir bildirdi ki, Azərbaycanın ardıcıl islahatlara və sistemli proqramlara əsaslanan dinamik sosial-iqtisadi tərəqqisi hesabat ilində də uğurla davam etdirilib. Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafının başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir.
Qeyd olundu ki, son 10 ildə iqtisadiyyatda yüksək nəticələr əldə olunub. Belə ki, bu dövrdə ÜDM-in həcmi 3,2 dəfə, sənaye məhsullarının istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 dəfə, investisiya qoyuluşu 5,2 dəfə, o cümlədən qeyri-neft sektoruna 15,3 dəfə, kredit qoyuluşları 23 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, minimum əmək haqqı 11,7 dəfə, pensiyaların orta məbləği 7,2 dəfə, banklardakı əmanətlər isə 25,4 dəfə artıb.
Artur Rasizadə bildirdi ki, yoxsulluğun səviyyəsi 7,4 dəfə azalmış və 1 milyon 200 min yeni iş yeri açılmışdır. Həmin müddətdə dövlət büdcəsinin xərcləri 15,5 dəfə yüksəlmiş, o cümlədən artım sosial yönümlü xərclərdə 7,2 dəfə, səhiyyədə 11,2 dəfə, təhsildə 6,1 dəfə, mədəniyyət və idman sahələrində isə 8,8 dəfə təşkil etmişdir.
Baş nazir həmçinin qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də sosial-iqtisadi və institusional islahatların dərinləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə atılmış ən önəmli addımlardan biri dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” Mərkəzinin innovasiyalar əsasında qurulmuş fəaliyyətinin genişləndirilməsi olmuşdur. Nəticədə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti əsaslı surətdə yaxşılaşdırılmış və şəffaflıq prinsipi təmin edilmişdir.
Hesabat ilində ÜDM-in real artımı 5,8 faiz, qeyri-neft sektorunda isə 10 faiz olmuşdur. Bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 22 milyard manat investisiya cəlb olunub.
Ümumi investisiyaların 74,3 faizi qeyri-neft sektorunun payına düşüb. İllik inflyasiya 2,4 faiz səviyyəsində qeydə alınıb. Əhalinin gəlirləri 8 faiz artmış və onun adam başına düşən hissəsi 4 min manatı ötmüş, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşüb. Minimum əmək haqqı, pensiyaların baza hissəsi və dövlət təşkilatlarında çalışanların maaşları artırılmış, ümumilikdə ölkə üzrə orta aylıq əmək haqqı 6,2 faiz artırılaraq 423 manata çatdırılıb”.
Qazanılmış uğurların əsas səbəblərindən biri 2013-cü ilin dövlət büdcəsinin yüksək səviyyədə icra olunması ilə bağlıdır. Belə ki, onun mədaxilinin proqnozu 101,8 faiz yerinə yetirilərək 19,5 milyard manat təşkil etmişdir.
Hesabat dövründə dövlət büdcəsinin xərclərində sosial təminatlı xərclərin xüsusi çəkisi 32,6 faiz təşkil edərək 6,2 milyard manat olub. İlin sonuna 5 milyard ABŞ dolları məbləğinə çatdırılan və ÜDM-in təxminən 70 faizi səviyyəsində olan strateji valyuta ehtiyatları ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən birinə çevrilib. Bu dövrdə əhalinin banklardakı əmanətləri 25,1 faiz artaraq 6 milyard 400 min manatı ötmüşdür. Göstərilən nailiyyətlərin dünyada 2008-ci ildən bəri davam edən qlobal maliyyə və iqtisadi böhran şəraitində mümkün olması diqqətçəkən məqamdır.
Ümumilikdə regionların inkişafı proqramlarının icrasına 50,7 milyard manat, o cümlədən ikinci proqramın icrasına 34,7 milyard manat vəsait yönəldilmişdir.
Son on il ərzində Azərbaycanda 3400 kilometrdən artıq içməli su xətti, 1200 kilometrdən çox kanalizasiya xətti çəkilmiş, çoxlu sayda su anbarı, nasos stansiyaları, sutəmizləyici qurğular tikilib və bu gün ölkə əhalisinin 55 faizi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunub.
Ötən ildə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üzrə işlər davam etdirilmişdir. 2013-cü ildə 29 min nəfər məcburi köçkün hər cür şəraiti olan yeni mənzillərə köçürülmüşdür. Məcburi köçkünlərin sosial problemlərinin həllinə 637 milyon manat yönəldilib ki, bu da 2003-cü illə müqayisədə 5,8 dəfə çoxdur.
Ümumiyyətlə, son 10 il ərzində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına Azərbaycan hökuməti tərəfindən 3,6 milyard manat vəsait yönəldilmişdir.
2013-cü ildə neft-qaz sahəsinin gələcək inkişafı üçün önəmli addımlar atılmışdır. Xəzər dənizinin Azərbaycan sektorundakı Şahdəniz qaz kondensat yatağının işlənməsi layihəsi üzrə yekun saziş imzalanmışdır. Azərbaycan qazının dünya bazarına çıxarılması məqsədilə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Qaz Kəməri (TAP) layihələri ilə bağlı müqavilələr imzalanmış və onların həyata keçirilməsinə başlanmışdır.
Hesabat dövründə Azərbaycanda enerji təhlükəsizliyinin artırılması davam etdirilmiş, elektrik stansiyalarıının ümumi gücü 12,9 faiz artırılaraq 7 min meqavatı ötmüşdür. Son 10 ildə ölkədə 17 elektrik stansiyası istismara verilmiş, 15 min kilometr elektrik xətti çəkilmiş, 1600-dən artıq yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.
Baş nazir bildirdi ki, informasiya-kommunikasiya ili elan edilmiş 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmış, bu sahənin inkişafı keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.
Artur Rasizadə təhsil, mədəniyyət, səhiyyə, turizm, kənd təsərrüfatı sahələrində əldə olunmuş nailiyyətlər barədə də deputatlara məlumat verdi.
Qeyd olundu ki, Nazirlər Kabineti əvvəlki illərdə olduğu kimi, ölkənin hərbi gücünün artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi, silahlı qüvvələrin ən müasir texnika və silahla təminatına prioritet istiqamət kimi xüsusi diqqət ayırmışdır. Ordu quruculuğu üzrə işlərə müvafiq olaraq, hərbçilərin hərbi hazırlığının və peşəkarlığının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi işləri də davam etdirilmişdir. Ümumilikdə 2013-cü ildə Azərbaycanda müdafiə xərclərinin maliyyələşdirilməsinə 3 milyard manat vəsait ayrılmışdır.
Baş nazir çıxışının sonunda bildirdi ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında cari ildə hökumətin qarşısında duran əsas vəzifələri müəyyən etmişdir. Nazirlər Kabineti bu tapşırıqların həyata keçirilməsini özünün fəaliyyət proqramı kimi qəbul etmişdir.
Məruzədən sonra hesabat ərtafında geniş müzakirələr aparıldı. Millət vəkilləri hesabatla bağlı qeyd və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırdılar, ölkəmizin günü-gündən daha da inkişaf edəcəyinə əminliklərini ifadə etdilər.
Sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edildi.
Daha sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət və Cinayət-Prosessual Məcəllələrin bir neçə maddəsinə təklif olunan dəyişiklikləri diqqətə çatdırdı. Qeyd olundu ki, hər iki sənədin müvafiq maddələrinə edilən dəyişikliklər terrorizm cəhdləri, terrorçuluğa açıq çağırışlar, dini düşmənçilik və ya dini ayinlərin icrası adı altında vətəndaşlığı olmayan şəxslərin məzhəbini yaymaq, silahlı münaqişələrə cəlb etmək, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq kimi qanunsuz halların qarşısını almaq üçün nəzərdə tutulan müvafiq maddələrin sərtləşdirilməsini özündə ehtiva edir. Hər iki məcəlləyə təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiq edildi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə məlumat verdi.
Bildirdi ki, Cinayət və Cinayət-Prosessual Məcəllələrə təklif olunan dəyişikliklər “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda da təsbit olunmalıdır. Çünki dəyişikliklərin mahiyyəti eynidir və hər üç qanun layihəsi ölkə Prezidentindən paket şəklində daxil olub.
Sonra qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti