MİLAN KABRNOX: “Azərbaycanı dost, demokratik ölkə kimi tanıyırıq və ərazi bütövlüyünü tam dəstəkləyirik.”
Martın 28-də Milli Məclisdə Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Büro iclası keçirildi.
Komitənin həmsədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov iclası açaraq Avropa Parlamenti ilə əməkdaşlığın tarixindən bəhs etdi. Bərabərhüquqlu tərəfdaş kimi bu qurumla əməkdaşlığa hər zaman hazır olduğumuzu dedi. Bildirdi ki, əməkdaşlıq dövründə parlamentarilər arasında yaranmış dostluq əlaqələri uzun illər davam edəcək və Azərbaycanla Avropa İttifaqının münasibətlərinə öz müsbət təsirini göstərəcək. Valeh Ələsgərov Büronun iclasına uğurlar arzuladı və bütün iştirakçıları açıq müzakirəyə dəvət etdi.
Tədbirin açılış mərasimində çıxış edən Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Milan Kabrnox hazırkı görüşün təşkilinə görə minnətdarlığını bildirdi. Bakıda görüşməyin faydalı və vacib olduğunu qeyd etdi. Azərbaycan hökumətinin iclasda iştirak edən nümayəndələri ilə dəfələrlə görüşdüyünü və səmərəli müzakirələr apardığını vurğuladı. Bildirdi ki, Azərbaycan nəinki bu bölgədə, ümumiyyətlə Avropa Parlamenti ilə ən sıx əməkdaşlıq edən ölkələrdən biridir. Milan Kabrnox təmsil etdiyi qurum adından vurğuladı ki, Azərbaycanı dost, demokratik ölkə kimi tanıyırıq və ərazi bütövlüyünü tam dəstəkləyirik. Qonaq Avropanın siyasət məkanında baş verən hadisələrə toxundu, ölkəmizin iqtisadi inkişafına xüsusi maraq göstərdiklərini qeyd etdi.
Sonra Büro iclasının gündəliyindəki məsələlərin müzakirəsi başlandı. Öncə Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin, İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın, Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanovun və Təhsil Nazirliyinin şöbə müdiri Fariz Rzayevin çıxışları dinlənildi. Xarici siyasətimizin prioritetləri, iqtisadi nailiyyətlərimiz, ədliyyə, hüquq və təhsil sistemində aparılan islahatlar, uğurla tətbiq edilən ASAN xidmət və s. barədə danışan Azərbaycan hökumətinin nümayəndələri qonaqları maraqlandıran suallara ətraflı cavab verdilər.
İclasda Azərbaycan parlamentinin nümayəndələri ilə Avropa Parlamentinin üzvləri arasında fikir mübadiləsi aparıldı. Büro iclasının yekununda təşkilati məsələlərə baxıldı.
Tədbirdə Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrinin müavini Çingiz Əsədullayev, həmçinin komitə üzvləri Jalə Əliyeva, Asim Mollazadə, Rauf Əliyev, Avropa Parlamenti nümayəndə heyətinin üzvlərindən Yan Brezina, Filip Kamaris, Yakub Qeie və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti