AVSTRİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIDADIR
Aprelin 1-də Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşdü.
Qonaqları mehribanlıqla salamlayan Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov Qərblə Şərq arasında körpü olan Azərbaycanın özəlliklərindən, tarixi nailiyyətlərindən bəhs etdi. Ölkələrimiz arasındakı münasibətlərin əsasının hələ orta əsrlərdə qoyulduğunu nəzərə çatdıraraq qeyd etdi ki, Azərbaycanın müstəqilliyi dövründə dövlətlərarası əlaqələrimiz xeyli genişlənib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Avstriya kansleri və digər rəsmiləri ilə görüşləri, qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edib.
Cavid Qurbanov Azərbaycanın müstəqilliyi dövründə keçdiyimiz yoldan, Avropaya inteqrasiyadan, demokratik dövlət quruculuğu istiqamətində atılan addımlardan və qazanılan uğurlardan söz açdı. Bildirdi ki, biz Avstriyanı özümüzə dost ölkə bilir və Avstriya xalqına çox ehtiramla yanaşırıq. Azərbaycanın qapıları Avstriyanın biznesmenləri və iş adamları üçün həmişə açıqdır.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Avstriya Milli Şurasının ikinci Prezidenti Karlheinz Kopf Şərqi və Mərkəzi Avropa dövlətləri ilə əməkdaşlığı daha da genişlənmdirmək niyyətində olduqlarını bəyan edərək Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiklərini dedi. Azərbaycanda müstəqilliyin 23 ili ərzində çox böyük işlər görüldüyünü məmnunluqla vurğuladı. Qanunvericilik sahəsində Avropa standartlarına üstünlük verilməsini, eyni zamanda Azərbaycanın öz tarixi keçmişinə və ənənələrinə sadiqliyini yüksək qiymətləndirdi. Qonaq qeyd etdi ki, parlamentlərarası əlaqələrimizin daha da inkişafına diqqət yetirməklə yanaşı çalışacağıq ki, Avstriyadan çoxlu iş adamları Azərbaycana gəlsin və əməkdaşlıq əlaqələrimiz genişlənsin.
Sonra Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən Milli Məclisin komitə sədri Eldar İbrahimov və deputat Gülçöhrə Məmmədova fikirlərini bölüşərək Azərbaycan-Avstriya münasibətlərinin inkişafında hər iki ölkənin bu görüşdə də iştirak edən səfirləri Qalib İsrafilov və xanım Silviya Meyer-Kaybiçin xidmətlərini yüksək qiymətləndirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli Məclisin
Mətbuat xidməti