MİLLİ MƏCLİSDƏ İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ KOORDİNATORUN İLLİK MƏLUMATI DİNLƏNİLDİ

Tədbirlər
04 aprel 2014 | 05:04   
Paylaşın:        

Aprelin 4-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi.
Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi zamanı deyilən fikirlərə münasibət bildirdikdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi.
Məlumatı təqdim edən daxili işlər nazirinin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, general-leytenant Vilayət Eyvazov bildirdi ki, dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alveri müasir dövrdə təhlükəli transmilli təhdidlərdən biri olaraq qalmaqdadır. Bu problem minimal risklə yüksək gəlir gətirən qlobal cinayətkar biznesə çevrilmişdir.
Nazir müavini bildirdi ki, Azərbaycanda bu kimi cinayətkarlığa qarşı hüquqi müstəvidə mübarizə aparılır. Son 10 ildə bu sahədə bir çox nailiyyətlər əldə olunmuşdur. Ötən il icrası başa çatan ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə insan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla, bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında mədəni-kütləvi tədbirlər, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilmişdir. Profilaktik iş həm də respublikanın məktəblərini, litseylərini, kollec və uşaq evlərini əhatə etmişdir.
Vilayət  Eyvazov diqqətə çatdırdı ki, Azərbaycanda son 10 il ərzində hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilmişdir. Bu əməllərə görə 385 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilmişdir. İnsan alverinin qurbanı olan 529 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Ötən il Azərbaycanda həyata keçirilən əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanmış, bu cinayətlərə görə 14-ü qadın və 3-ü kişi olmaqla, 17 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Nazir müavini bildirdi ki, insan alveri cinayətində təqsirləndirilərək axtarışa verilmiş 17 şəxsdən 5-i tutularaq istintaq orqanlarına təqdim edilmişdir. Müəyyən olunan 56 qurbandan 41-i qadın, 15-i kişi olmuşdur ki, onlardan da 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılmış, 5 qurban isə ölkə daxilində istismara məruz qalmışdır.
Çıxışına yekun vuran nazir müavini insan alverinə qarşı mübarizənin 2014-2018-ci illəri əhatə edən üçüncü Milli Fəaliyyət Planı çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırdı. Müzakirələrdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq nəzərə alındı.
Sonra deputatlar “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” Sazişi təsdiq etdilər.
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanuna təklif olunan dəyişiklikləri diqqətə çatdıran Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirdi ki, qanuna “Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları” adlı yeni maddə əlavə olunur. Bununla da xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir. Məlumat dinlənildikdən sonra qanuna təklif olunan dəyişikliklər təsdiqləndi.
Sonra millət vəkilləri gündəlikdəki digər məsələlərin müzakirəsinə başladılar. Bildirildi ki, növbəti 12 məsələ “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “İcbari sığortalar haqqında” qanunlara uyğunlaşdırılma məqsədi daşıyır. Bununla bağlı "Tibbi sığorta haqqında", "Texniki təhlükəsizlik haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Nəqliyyat haqqında",  "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Avtomobil yolları haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər edilməsi, "Dövlət qulluqçularının icbari sığortası haqqında" Qanunun isə ləğv edilməsi təklif olunur.
Müzakirələrdən sonra deputatlar 12 məsələnin hər birini ayrı-ayrılıqda səsə qoyaraq təsdiqlədilər.
İclasda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU