İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Komitə iclasları
22 aprel 2014 | 05:04   
Paylaşın:        

Aprelin 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi.
Gündəlikdəki məsələ barədə məlumat verən komitə sədri Rəbiyyət Aslanova bildirdi ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən göndərilib. Qeyd etdi ki, ölkəmiz insan hüquq və azadlıqlarına dair Konvensiyadan irəli gələn məsələlərin həyata keçirilməsində maraqlıdır. Həmin sənəddəki bir çox müddəalar Azərbaycan Konstitusiyasında təsbit olunubdur. Hazırkı Protokol da 3 bölmə, 59 maddədən ibarət olan Konvensiyanın zənginləşməsinə xidmət edir.
Komitə sədri ölkəmizdə insan hüquq və azadlıqlarının dövlət səviyyəsində qorunduğunu, bu sahəyə dair 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Milli Fəaliyyət Proqramının yeni dövrün çağırışlarına cavab olduğunu vurğuladı.
İclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov müzakirəyə çıxarılmış 15 nömrəli Protokolu ətraflı şərh etdi. Bildirdi ki, Konvensiyaya edilən dəyişikliklərin əsas mahiyyəti məhkəmələrin səmərəliliyinin artırılması və Avropa Məhkəməsinin iş yükünün azaldılmasından ibarətdir.
Sonra Lətif Hüseynov Avropa Məhkəməsinin iş prinsipləri, Konvensiyanın müddəaları ilə bağlı deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdi.
İclasda komitə sədrinin müavini Yevda Abramov, deputat Astan Şahverdiyev fikirlərini bölüşdülər.
Müzakirələrin yekununda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsi ratifikasiya olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 
Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU