AZƏRBAYCAN – İORDANIYA DOSTLUĞU MÖHKƏMLƏNİR

Tədbirlər
26 aprel 2014 | 01:04   
Paylaşın:        

Aprelin 26-da Milli Məclisin Azərbaycan – İordaniya   parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdehin başçılıq  etdiyi nümayəndə heyəti ilə  görüşü oldu. 
Qonaqları  salamlayan  Milli Məclisin deputatı,  qrupun rəhbəri Nəriman Əliyev xalqlarımız  arasındakı dostluq  əlaqələrindən danışdı. O, beynəlxalq  təşkilatlarda daim Azərbaycanı dəstəklədiyinə görə rəhbərlik etdiyi dostluq  qrupu adından İordaniya hökumətinə təşəkkür etdi. Bildirildi ki,  Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Ölkəmizin öz enerji  təhlükəsizliyini təmin etmək baxımından böyük potensialı var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1994-cü ildə Bakıda imzalanan “Əsrin  müqaviləsi” iqtisadi inkişafımıza böyük təsir  göstərdi.  Sonra  Nəriman Əliyev hər  iki ölkənin parlamentlərarası  dostluq  qruplarının  fəaliyyətindən söz açdı. Xalqlarımız arasında mövcud olan  dostluq  münasibətlərinin inkişafında  dövlət  başçılarımızın  qarşılıqlı münasibətlərinin rolunu vurğuladı.  Qeyd  olundu ki, indiki səfər   də ikitərəfli münasibətlərimizin inkişafına yaxşı töhfə olacaq.
İordaniya Haşimilər Krallığı Senatının sədri  Abdur-Rauf  Ravabdeh səmimi görüş və ətraflı məlumat üçün minnətdarlığını bildirdi. Qeyd olundu ki, xalqlarımız arasında münasibətlərin təməli möhkəm qurulub. İordaniya  Azərbaycanın ərazi bütövlüyünü  tanıyan ilk ölkələrdəndir. Qonaq  dedi ki, iki  dost ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin var. O, əlaqələrimizi yüksək qiymətləndirdi və iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinin, parlamentarilər arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruriliyini  qeyd  etdi.  
Görüşdə qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barədə fikir mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU