MİLLİ MƏCLİSİN İCLASINDA BİR SIRA QANUNLARA DƏYİŞİKLİKLƏR OLUNDU
Mayın 2-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi.
Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi zamanı səslənən fikirlərə münasibət bildirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.
Əvvəlcə Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, nizamnamə 2009-cu il iyunun 10-da Berlin şəhərində imzalanıb. Agentlik 2009-cu ilin yanvar ayında Almaniya hökumətinin təşəbbbüsü, İspaniya və Danimarka hökumətlərinin dəstəyi ilə təsis edilmişdir. Nizamnaməni bugünədək 160-dan artıq dövlət imzalamış, onlardan 130-u agentliyin üzvüdürlər. Nizamnaməyə görə, Beynəlxalq Agentlik bütün üzvlərinin bərabərliyi prinsipinə əsaslanır və onun fəaliyyətinin yerinə yetirilməsində üzvlərin suveren hüquqlarına və səlahiyyətlərinə hörmətlə yanaşır. Bu sahəyə xüsusi diqqət yetirən Azərbaycanın da bu nizamnaməyə qoşulması təbiidir. Nizamnaməyə qoşulan və agentliyin üzvü olan ölkələrin əsas məqsədi davamlı inkişafı təmin etmək üçün bərpa olunan enerji mənbələrindən səmərəli istifadə etməkdən ibarətdir.
Nizamnamə təsdiq edildikdən sonra deputatlar "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada dəyişikliklər edən 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Qanuna, həmçinin "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanuna təklif olunan dəyişiklikləri təsdiq etdilər.
İclasda millət vəkilləri İnzibati Xətalar Məcəlləsinə, "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara da müvafiq dəyişikliklər edilməsinə razılıq verdilər.
Sonra iclasda "Yaşıllıqların mühafizəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olundu. Layihəni müzakirəyə təqdim edən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, birinci oxunuşda verilən təklif və rəylər nəzərə alınaraq sənəddə zəruri düzəlişlər edilmişdir.
Qeyd edildi ki, yaşıllıqların idarə olunmasında dövlətin vəzifələri ilə bağlı maddəyə ölkədə yaşıllaşdırmanın baş sxeminin hazırlanması və təsdiqi, şəhərlərdə yaşıllıq normasının müəyyən edilməsi, yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları əks olunan 3 yeni müddəa əlavə edilib. Ümumilikdə, qanun layihəsinin 14 maddəsində bir çox əlavə və dəyişikliklər aparılmış, layihəyə yeni maddə və müddəalar əlavə edilmiş, dil və üslub baxımından bir sıra düzəlişlər edilmişdir.
Müzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşlarda səsə qoyularaq qəbul edildi. Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti