REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
06 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 6-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda ilk olaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə onun əziz xatirəsi anıldı.
Sonra komitə sədri Arif Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirildi ki, müzakirəyə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanun layihələri təqdim olunub. Qeyd edildi ki, yerli özünüidarəetmə orqanları yeni yaradılanda ölkədə 2757 bələdiyyə fəaliyyət göstərirdi. 2009-cu ildə ilk dəfə olaraq bələdiyyələrin birləşməsi prosesi həyata keçirildi və onların sayı 1716-ya endirildi. Yeni qanun layihəsində 21 rayonda 204 bələdiyyənin birləşdirilməsi nəticəsində 110 bələdiyyənin ləğv olunaraq, yeni 94 bələdiyyənin yaradılması nəzərdə tutulub. Qeyd olundu ki, bələdiyyələrin birləşməsi ilə bağlı qərar onların ərazisində yaşayan əhali tərəfindən daxil olan müraciətlər əsasında qəbul edilir.
Parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov məsələ ilə bağlı açıqlamasında bildirdi ki, bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna uyğun olaraq həyata keçirilir. Yeni sənədin qəbulundan sonra müvafiq olaraq “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da dəyişikliklər aparılacaq.
İclasda çıxış edən deputatlar Fəttah Heydərov, Rüstəm Xəlilov, Qalib Salahzadə, Fəzail İbrahimli, Azər Badamov, Tahir Rzayev, aidiyyəti qurumların nümayəndələri müzakirəyə çıxarılan qanun layihələri barədə fikirlərini bölüşdülər. Bildirildi ki, bələdiyyələrin birləşməsi prosesi dünya təcrübəsində öz müsbət nəticələrini vermişdir.  Ölkəmizdə də bu sahənin inkişafı, yerli özünüidarəetmə orqanlarının  fəaliyyətinin yaxşılaşdırılması məqsədəmüvafiqdir.
Ətraflı müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU