İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
12 may 2014 | 04:05   
Paylaşın:        

Mayın 12-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti  iclası  keçirildi. İclası açan komitə  sədri Ziyad  Səmədzadə  gündəlikdəki məsələlərlə  bağlı məlumat verdi. Əvvəlcə iclasda “Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.
Layihəni şərh  edən komitənin sədri Ziyad Səmədzadə bildirdi  ki, 2013-cü ildə Azərbaycanda bütün iqtisadi parametrlər müsbət istiqamətdə  dəyişmişdir. Qeyd  olundu ki, ötən ilki dövlət büdcəsinin icrası son on il ərzində ölkə iqtisadiyyatında baş verən dəyişikliklərin xarakteristikasını, iqtisadiyyatda yeni mərhələnin başlanmasını aydın şəkildə göstərir.
İclasda  iştirak  edən maliyyə nazirinin müavini Azər Bayramov 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında ətraflı məlumat verdi.  Nazir  müavini 2013-cü il dövlət büdcəsinin mədaxilinin 101,8 faiz, xərclərinin isə 96,4 faiz yerinə yetirildiyini vurğuladı. Bildirildi ki,  bu  dövrdə dövlət büdcəsinin gəlirləri 19159 milyon manat proqnoza qarşı 19496,3 milyon manat, yəni 101,8 faiz icra olunub. Bu da  ötən ilin icra göstəricisinə nisbətən 12,8 faiz çoxdur. Nazir müavini qeyd etdi ki, ÜDM-də dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil edib və bu da ötən ilin müvafiq göstəricisindən 2,2 faiz çoxdur. ÜDM-in həcmində 5,8 faiz, qeyri-neft sektorunda isə  10 faiz artım qeydə alınıb. Azər  Bayramov onu  da  vurğuladı ki, 2013-cü ildə əhalinin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, gəlirləri 6,6 faiz artaraq 4 min manata çatmışdır.  Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,1 milyard dollar artaraq 50 milyard dolları ötmüşdür.
Sonra iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış edərək  makroiqtisadi göstəricilər və qeyri-neft sektorunun inkişafı istiqamətində ötən il görülən işlərdən danışdı. Azərbaycanda son illərdə iqtisadi sabitliyin bərqərar olduğunu deyən nazir müavini 2013-cü ildə Azərbaycanda inflyasiyanın 2,4 faiz səviyyəsində olduğunu diqqətə çatdırdı. Qeyd  olundu ki, valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir.  2003-2013-cü illərdə ölkədə orta iqtisadi artım 12,7 faiz təşkil etmişdir. İşsizlik səviyyəsinin azaldılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyən Sevinc  Həsənova Azərbaycanın bu göstəricilərinə görə dünyada 37-ci yeri tutduğunu bildirdi.
Layihə ilə əlaqədar  çıxış  edən deputatlar   Çingiz Əsədiullayev, Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev  dövlət büdcəsindən iri layihələrə kifayət qədər vəsait ayrıldığını qeyd etdilər,  bu proseslərə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayaraq təkliflərini bildirdilər.
Daha sonra komitənin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə  sənəd  müzakirə olundu. Layihə  barədə  danışan Ziyad  Səmədzadə bildirdi ki, dəyişikliyə əsasən rüsumların dərəcələri aşağı salınıb. Belə ki, yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətin uzadılmasına görə 3 ayadək - 15, 6 ayadək - 30, 1 ilədək - 60, 1 il 6 ayadək - 90, 2 ilədək - 120, 2 il 6 ayadək- 150, 3 ilədək -180 manat dövlət rüsumu təyin olunub.

İclasda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda redaktə  xatakterli  dəyişiklik edilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında”  qanunların ləğv edilməsi barədə qanun layihələri müzakirə edildi.
Komitənin toplantısında “Akkreditasiya haqqında” qanun layihəsi də üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Ziyad Səmədzadə layihə  barədə məlumat verərək  dedi ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna uyğun olaraq insanların həyatının, sağlamlığının, ətraf mühitin, dövlətin, hüquqi və fiziki şəxslərin maraqlarına ziyan vura bilən malın, xidmətin, prosesin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların akkreditasiya olunması məcburidir. Akkreditasiya barədə müraciət edən orqan təqdim edildiyi gün qeydiyyata alınır. Akkreditasiya orqanı uyğunluğun qiymətləndirilməsi barədə müraciəti 10 iş günündən çox olmayan müddətdə araşdırmalıdır.
Gündəliyə  çıxarılan  bütün qanun layihələri ətraflı  müzakirələrdən  sonra  Milli Məclisin plenar iclasında  baxılması  üçün  tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU