MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
17 may 2014 | 02:05   
Paylaşın:        

Mayın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri  Oqtay Əsədov iclası açaraq qardaş Türkiyənin Manisa vilayətinin Soma bölgəsindəki kömür  mədənlərində  baş vermiş  qəza ilə bağlı  həlak olanların   ailələrinə başsağlığı verdi.  Həlak olanların xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  edildi.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Əvvəlcə iclasda “Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Layihəni şərh  edən komitənin sədri Ziyad Səmədzadə bildirdi  ki, 2013-cü ildə Azərbaycanda bütün iqtisadi parametrlər müsbət istiqamətdə  dəyişmişdir. Qeyd  olundu ki, ötən ilki dövlət büdcəsinin icrası son on il ərzində ölkə iqtisadiyyatında baş verən dəyişikliklərin xarakteristikasını, iqtisadiyyatda yeni mərhələnin başlanmasını aydın şəkildə göstərir. Onun sözlərinə görə, qanun layihəsi Maliyyə Nazirliyi ilə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri tərəfindən birgə işlənib hazırlanıb, nazirliyin bütün tövsiyələri nəzərə alınıb. Ziyad Səmədzadə bildirdi ki, son 5 il ərzində ölkə iqtisadiyyatına 80 mlrd. dollar investisiya yatırılıb. Ümumi Daxili Məhsulun həcmi 73 mlrd. dollar təşkil edir. Ölkədə adam başına düşən illik gəlir 7,8 min manat təşkil edir ki, nəticədə Azərbaycan MDB ölkələri arasında ilk yerlərdən  birini  tutur.  Komitə  sədri  qeyd  etdi ki, bu gün Azərbaycanın sabit maliyyə bazası var. 2014-2018-ci illərdə də sahibkarlığın və regionların inkişafına dəstəklə bağlı dövlət proqramları icra olunacaq. Bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsi ilə bağlı Palatanın  mövqeyini  diqqətə  çatdırdı. Natiq  qeyd  etdi ki,  layihədə 2013-cü ilin  makroiqtisadi göstəriciləri, gəlir  və  xərclərlə  bağlı  təhlil tam analitik  təhqiqatlara əsaslanıb.  2013-cü ildə dünya  maliyyə bazarında  baş verən böhran və  risklər   Azərbaycana  təsirsiz  ötüşüb. Ölkədə  real iqtisadi artım  tempi  müşahidə olunub.
İclasda  iştirak  edən maliyyə naziri Samir  Şərifov 2013-cü ilin dövlət büdcəsinin icrasından ətraflı söz  açdı.  Nazir  2013-cü il dövlət büdcəsinin mədaxilinin 101,8 faiz, xərclərinin isə 96,4 faiz yerinə yetirildiyini vurğuladı. Bildirildi ki,  bu  dövrdə dövlət büdcəsinin gəlirləri 19159 milyon manat proqnoza qarşı 19496,3 milyon manat, yəni 101,8 faiz icra olunub. Qeyd olundu ki, ÜDM-də dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil edib. ÜDM-in həcmində 5,8 faiz, qeyri-neft sektorunda isə 10 faiz artım qeydə alınıb. Samir Şərifov onu  da  vurğuladı ki, 2013-cü ildə əhalinin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, gəlirləri 6,6 faiz artaraq 4 min manata çatmışdır.  Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,1 milyard dollar artaraq 50 milyard dolları ötmüşdür. Qeyd  edildi ki, keçən il ərzində sənaye, tikinti, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində,  informasiya və rabitə xidmətləri, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlərdə, turistlərin yerləşdirilməsi, ictimai iaşə və  digər sosial xidmət sahələrində 8,5 mlrd. manat həcmində əlavə dəyər yaranıb. Məhsula və idxala görə xalis vergilər ÜDM-in 6,4%-nə bərabər olub. Nazirin çıxışından  sonra sənəd səsvermə  yolu ilə təsdiq olundu. 
Sonra  iclasda  Vergi Məcəlləsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişikliklər edilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında”  qanunların ləğv edilməsi barədə qanun layihələri müzakirə edildi. Bu sənədlərlə əlaqədar İqtisadi siyasət  komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək dedi ki, bu qanun layihələrində nəzərdə tutulmuş dəyişikliklər bundan sonra Vergilər Məcəlləsi ilə tənzimlənəcək. Yəni qanunvericiliyə dəyişikliklər istisnasız olaraq vahid şəklə salma xarakteri daşıyır: “Söhbət belə güzəştlərin ləğvindən getmir. Müzakirə olunan qanunlardakı bütün normalar Vergi Məcəlləsinə dəyişikliklər paketində öz əksini tapıb və belə sənədlərə artıq ehtiyac yoxdur.” Millət  vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Çingiz  Qənizadə,  Qənirə Paşayeva, Gövhər  Baxşəliyeva  fikirlərini bildirdilər. Layihələr  ayrı-ayrılıqda  səsə  qoyularaq   təsdiq olundu.
Daha sonra iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə  sənəd  müzakirə olundu. Layihə  barədə  danışan Ziyad  Səmədzadə bildirdi ki, dəyişikliyə əsasən rüsumların dərəcələri aşağı salınıb.
İclasın  sonunda “Azərbaycan  Respublikasının  Nizami Gəncəvi  adına  Qızıl medalı”nın  təsis  edilməsi ilə əlaqədar  “Azərbaycan Respublikası orden və medallarının  təsis  edilməsi haqqında”  qanunda  dəyişiklik edilməsi  barədə  qanun  layihəsinə baxıldı.  Bu barədə məlumat verən  Hüquq  siyasəti  və dövlət  quruculuğu komitəsinin sədri Əli Hüseynli  bildirdi ki,   Nizami Gəncəvi  adına Qızıl medal ölkədəki orden  və medallar  sırasında çox  şərəfli bir yer  tutacaq.  Əsasnaməyə  görə  elmi nəticələrə, kəşflərə, ixtiralara malik olan, elmin inkişafında  xüsusi uğurlu  nailiyyətlər qazanan şəxslər  sağlıqlarında bu medalla təltif  ediləcəklər.  Sənəd  yekdilliklə  səsə  qoyularaq  qəbul  edildi.
Bununla  da Milli Məclisin plenar iclası başa çatdı.

Milli Məclisin
Mətbuat  xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU