HÜQUQ SİYASƏTİ və DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
19 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə doqquz məsələ daxil edilib. Sonra Milli Məclis Aparatının əməkdaşları Seyid Hacı Mirhəşim və Fuad Məmmədov qanun layihələrini deputatlara təqdim etdilər. 
Öncə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişlə bağlı məlumat dinlənildi. Müzakirə zamanı deputatlar Əlavələrlə birgə 25 maddədən ibarət olan həmin sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər və Milli Məclisdə ratifikasiyasını vacib saydılar.
Sonra komitədə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalının təsisi ilə əlaqədar Əsasnamə müzakirə olundu. Bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliyin edilməsi məqsədəuyğun sayıldı.
İclasda bildirildi ki, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər şəxsiyyət, cəmiyyət və dövlət əleyhinə ağır cinayət törətmiş şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə əlaqədardır. Layihəyə əsasən, təcavüzkar müharibənin hazırlanması, başlanması və aparılması, soyqırımı, milli, dini və irqi ayrı-seçkilik, dövlətə xəyanət, casusluq, terrorçuluq, silahlı qiyam, təxribat, dövlət xadiminə və ya ictimai xadimə qarşı sui-qəsd, zorlama və digər ağır cinayət növləri üzrə cəzaların yuxarı həddi artırılacaq. Qeyd olundu ki, məcəllənin 66.3 maddəsinə isə “cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya 20 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir” məzmununda cümlə artırılır.
Gündəlikdəki digər məsələlərin şərhi zamanı məlumat verildi ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində suyun qeyri-qanuni istifadəsi ilə əlaqədar cərimələrin artırılması nəzərdə tutulur. 
Deputatlar qanunvericilik aktlarının uyğunlaşdırılması baxımından  “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini də məqbul saydılar.
Ətraflı fikir mübadiləsində komitə sədrinin müavini Rövşən Rzayev, deputatlar Azay Quliyev, Çingiz Qənizadə, Rafael Cəbrayılov, Mübariz Qurbanlı rəy və təkliflərini bildirdilər. Müzakirəyə çıxarılmış qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olundu.

  
Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU