REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
19 may 2014 | 06:05   
Paylaşın:        

Mayın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası  keçirildi.
Komitə sədri Arif Rəhimzadə əvvəlcə gündəlikdə  duran ilk məsələ -  “Yerli vergilər və ödənişlər haqqında” qanuna təklif olunan dəyişiklikdən danışaraq bildirdi ki, bələdiyyələr tərəfindən yerli  vergi və ödənişlərin nağd şəkildə qəbul olunması artıq  qadağan olunacaq. Bu prosesin banklar,  poçt rabitəsinin milli operatorları, habelə, mövcud nağdsız ödəmə vasitələri ilə həyata  keçirilməsi planlaşdırılıb.
Sonra komitə  sədri “Bələdiyyələrin statusu haqqında” qanuna edilən dəyişikliklərlə bağlı fikirlərini bildirdi. Qeyd olundu ki, öz  borcları ilə əlaqədar  bələdiyyələrə müraciət  edən hüquqi və fiziki şəxslərə 5 gündən gec olmayaraq arayış verilməsi nəzərdə  tutulur. 
İclasda  “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişikliklər  edilməsi  barədə qanun  layihəsinə də baxıldı. Qeyd  olundu ki,  ekoloji, iqtisadi və sosial inkişaf proqramlarının qəbulu və icrası ilə bağlı layihələrin həyata keçirilməsi, bələdiyyələrə həvalə edilən səlahiyyətlərin maliyyələşdirilməsi məqsədilə ilə dövlət büdcəsindən subvensiya ayrılması  nəzərdə  tutulur. Bunun üçün müvafiq bələdiyyələrin və milli assosiasiyaların verdikləri təkliflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətində öyrəniləcək. Qəbul edilib-edilməməsi barədə aidiyyəti bələdiyyələrə həmin vaxt müddətində məlumat veriləcək. İcrası üçün vəsait ayrılmasına razılıq verilmiş layihələr  müvafiq maliyyə-iqtisadi əsaslandırmalarla birgə bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunacaq.
Çıxışlarda millət  vəkilləri  hər üç layihəyə təklif edilən dəyişikləri  razılıqla  qarşıladılar,  bu  sənədlərin  bələdiyyələrin işinin daha səmərəli təşkili, şəffaflığın artırılması baxımından  əhəmiyyətindən söz  açdılar. 
İclasda Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə də baxıldı və sonda gündəliyə təqdim olunan qanun layihələrinin Milli Məclisin  müzakirəsinə  çıxarılması  qərara  alındı.


 Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU