MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLDİ
Fevralın 28-də Milli Məclisdə mətbuat konfransı keçirildi. Milli Məclisin Mətbuat katibi Akif Təvəkküloğlu bildirdi ki, Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə deputatlar Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov və Ağalar Vəliyev ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün Vyanada, həmçinin deputatlar Azay Quliyev, Fərəc Quliyev və Rövşən Rzayev isə Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistanda səfərdə olublar. Hər iki tədbirə jurnalistlərin marağını nəzərə alaraq, bu mətbuat konfransı təşkil olunmuşdur.
Səfər barədə Milli Məclis sədrinin müavini, parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verdi. Bildirildi ki, Vyanada keçirilən ATƏT Parlament Assambleyasının qış sessiyasında nümayəndə heyətimizin çıxışlarında Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi prioritet təşkil edib. Azərbaycanın ATƏT məkanına Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ həqiqətləri barədə lazımi materialları çatdırması, düzgün təbliğat qurması qurumda fikir və rəyləri dəyişdirib. Artıq ATƏT Parlament Assambleyasında təmsil olunan bütün parlamentarilər Ermənistanın təcavüzkar siyasətindən xəbərdardır. Bahar Muradova diqqətə çatdırdı ki, sessiyada nümayəndə heyətimizin üzvləri bütün çıxışlarda diqqəti Dağlıq Qarabağ münaqişəsinin həlli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası, Xocalı soyqırımı, Ermənistanın regionda ekologiyaya vurduğu ziyana yönəldib. Nümayəndə heyətimizin üzvlərinin İrlandiyanın qurumdakı nümayəndə heyəti ilə görüşündə də bu ilin aprelində Dublində beynəlxalq ekspertlərin iştirakı ilə ATƏT məkanında münaqişələrin həllinə dair keçiriləcək toplantının mövzusuna dair müzakirələr aparılıb. Fransa Senatının Qafqaz Dostluq qrupunun üzvü Roland Blumla keçirilən görüşdən danışan Bahar Muradova qeyd etdi ki, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Fransa Senatında qaldırılması üçün müvafiq materiallar bundan sonra da mütəmadi olaraq fransız parlamentarilərə göndəriləcək. Qeyd olundu ki, ümumiyyətlə, bu sessiyada Azərbaycan və Türkiyə Parlamentariləri Xocalı faciəsi həqiqətlərinin yayılması istiqamətində səmərəli fəaliyyət göstərib və bu soyqırımının ayrı-ayrı ölkələrin parlamentlərinin tanıması üçün görülən işlər davam etdiriləcək.
Qeyd olundu ki, nümayəndə heyətinin təkidi ilə Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin aralıq hesabatının bütün bəndləri ayrı-ayrılıqda müzakirə edilib, bütün məsələlərdə ölkəmizin mövqeyinin öz əksini tapması tələb olunub. Bahar Muradova bildirdi ki, Milli Məclisin Sədri Oqtay Əsədovun məktubla müraciətindən sonra 2014-cü ildə ATƏT Parlament Assambleyasının yaz sessiyasının Azərbaycanda keçirilməsi barədə qərar olunub.
Sonra Milli Məclisin deputatı Azay Quliyev bu yaxınlarda Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün parlament nümayəndə heyətinin Ermənistana səfərinin yekununa dair məlumat verdi. Bildirdi ki, nümayəndə heyəti səfər zamanı Azərbaycanın milli maraqlarını diqqətə çatdırıb. Regional əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı bildirilib ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır və Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bu ölkə ilə heç bir sahədə əməkdaşlıqdan söhbət gedə bilməz. Nümayəndə heyətimiz səfər zamanı etimadın yaradılması məqsədilə Dağlıq Qarabağda yaşayan erməni icması ilə qaçqın vəziyyətində yaşayan azərbaycanlı icmasının görüşlərinin keçirilməsinin vacibliyini önə çəkib.
Səfərlər barədə məlumatlar dinlənildikdən sonra Milli Məclisin üzvləri Bahar Muradova, Rəbiyyət Aslanova və Azay Quliyev jurnalistləri maraqlandıran suallara cavab verdilər.
Milli Məclisin
Mətbuat xidməti