TƏHLÜKƏSİZLİK KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
21 may 2014 | 03:05   
Paylaşın:        

Mayın 21-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi.
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə “Dövlət sirri haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunlara dəyişikliklər edilməsi barədə iki məsələ daxildir. Ziyafət Əsgərov diqqətə çatdırdı ki, “Dövlət sirri haqqında” Qanuna təklif olunan dəyişikliklər dövlət sirrinin mühafizəsi və dövlət sirri ilə işləməyə buraxılacaq şəxslərin kateqoriyasının dəqiqləşdirilməsi ilə bağlıdır. Komitə sədri qeyd etdi ki, bu dəyişikliklər dövlət sirri ilə işləməyə buraxılacaq şəxslərin məsuliyyətinin daha da artırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Gündəlikdəki ikinci məsələ barədə danışan Ziyafət Əsgərov bildirdi ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna ediləcək dəyişiklik də eyni məzmunludur və  “Dövlət sirri haqqında” Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.
Çıxış edən komitə üzvləri Bəxtiyar Sadıqov, Elman Məmmədov, Fərəc Quliyev, Zahid Oruc və Adil Əliyev bu dəyişikliklərin ölkəmizin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər.
Deputatların fikirləri dinlənildikdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU