Bakıda AŞPA-nın Daimi Komitəsinin iclası keçirildi

Tədbirlər
23 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 23-də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin növbəti iclası keçirildi.
İclası açan AŞPA-nın sədri Ann Brasör Daimi Komitənin iclasının Bakıda yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirdi, ölkəmizi bu qurumun Nazirlər Komitəsinə 6 ay ərzində sədrlik edəcəyi münasibətilə təbrik etdi. O, Azərbaycanda korrupsiyaya qarşı mübarizə, sosial və digər sahələrdə aparılan islahatları yüksək qiymətləndirdi. AŞPA sədri bu islahatların daha da genişləndirilməsinin vacibliyini vurğuladı.
İclasda çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov toplantıda aparılacaq fikir mübadiləsinin və qəbul ediləcək qərarların təşkilatın məqsədlərinin gerçəkləşməsinə kömək göstərəcəyinə inamını ifadə etdi. 
Qeyd etdi ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 14 ilə yaxın dövr ərzində ilk dəfədir ki, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Sədr ölkəmizin təşkilata altı aylıq sədrliyi dövründə Avropada daha böyük vəhdətə nail olmaq yolunda mühüm addımlar atılacağına əminliyini diqqətə çatdırdı.
Bildirdi ki, Avropa Şurasının 65 illik tarixi sübut edir ki, demokratiyanın və  demokratik idarəçilik sisteminin alternativi yoxdur. Əsrlərin sınağından keçmiş Avropa dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün biz həm ölkələr olaraq fərdi məsuliyyət, həm də Avropa Şurası olaraq kollektiv məsuliyyət daşıyırıq. Təşkilata sədrliyi dövründə Azərbaycan Avropa təhlükəsizliyi sisteminin təməlində dayanan prinsiplərin – plüralist demokratiyanın, qanunun aliliyinin və insan hüquqlarının möhkəmlənməsi üçün həyata keçirilən işlərin uğurla davam etməsinə çalışacaqdır.
Sədr vurğuladı ki, Azərbaycanın təşkilatda sədrliyinin prioritetləri artıq elan edilmişdir. Bunlar korrupsiyaya qarşı mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikulturalizm, təhsil, xüsusən insan hüquqları sahəsində təhsildir. Bu vəzifələrin zəruriliyi və aktuallığı hər kəs üçün aydındır.
Sədr əlavə etdi ki, korrupsiya ictimai sistemi dağıdan, iqtisadiyyatı sarsıdan, dövlətin nüfuzuna xələl gətirən çox böyük bəladır. Başlıcası isə korrupsiya əhalinin hakimiyyətə etimadını azaldır, azad və demokratik cəmiyyət quruculuğu məqsədi ilə qəbul edilən qərarların əhəmiyyətini heçə endirir. 
Sosial sahə hər bir insana, onun həyat səviyyəsinə təsir göstərir. Burada bir tərəfdən, dövlət siyasəti düzgün həyata keçirilməli, digər tərəfdən, cəmiyyətlə dövlət arasında səmərəli əməkdaşlıq əlaqələri  qurulmalıdır. Azərbaycanın bu sahədə topladığı təcrübə başqa dövlətlər üçün də maraqlı ola bilər. Ölkəmizin bugünkü reallığını əsaslı iqtisadi islahatların aparılması ilə yanaşı, güclü sosial siyasətin həyata keçirilməsi müəyyən edir.
Sədr diqqətə çatdırdı ki, Azərbaycanın multikulturalizm sahəsində də zəngin təcrübəsi vardır. Tarixin bütün dövrlərində Azərbaycan xalqı dünyaya tolerantlıq nümunəsi göstərmişdir. Bizim ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri həmişə dostluq və qardaşlıq şəraitində yaşamaq imkanına malik olmuşlar.
Sosial həyatın ən vacib sahələrindən biri olan təhsil cəmiyyətin intellektual, mədəni və mənəvi səviyyəsini müəyyən edir. Mədəni dəyərlərin ötürücüsü rolunu oynayan təhsil cəmiyyətin əsas dayaqlarından biridir. Təhsilin qarşısında dayanan başlıca vəzifə hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Odur ki, təhsil sisteminin fəaliyyətini cəmiyyətin müasir inkişaf səviyyəsinə çatdırmaq Avropa Şurasının üzvü olan dövlətlərdə əsas vəzifələrdən biri kimi  nəzərdən keçirilməlidir.
Milli Məclisin Sədri bildirdi ki, Azərbaycan təşkilata sədrliyi dövründə Avropa Şurasında islahat prosesini də dəstəkləyəcəkdir. Digər beynəlxalq təşkilatlar, xüsusən Avropa İttifaqı, ATƏT və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığın möhkəmləndirilməsinə diqqət yetiriləcəkdir.
Azərbaycan ortaq hədəflərə və məqsədlərə çatmaqda maksimum açıqlıq və istək göstərəcəkdir. Qarşıdakı altı ay ərzində Avropa Şurasının Nazirlər Komitəsində çoxsaylı tədbirlər keçiriləcəkdir. Təkcə Bakı şəhərində 18  tədbir təşkil ediləcəkdir. Eyni zamanda, Strasburqda Azərbaycanın sədrliyi ilə tədbirlər keçiriləcəkdir. Qarşıda dayanan vəzifələrin öhdəsindən gəlmək üçün biz sizin də dəstəyinizə arxalanacağıq.
Sədr onu da əlavə etdi ki, Azərbaycan Respublikası Avropa dəyərlərinə və ideallarına sadiqliyini real addımları ilə nümayiş etdirir. Biz demokratik dəyişikliklər yolu ilə qətiyyətlə irəliləyirik. Hüquqi dövlət quruculuğu, cəmiyyət həyatının  müxtəlif sahələrində zəruri islahatların aparılması üçün düşünülmüş tədbirlər görülür.
Azərbaycan Respublikası Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə daim hörmətlə yanaşmış və onları ardıcıl həyata keçirmişdir. Ölkəmizin Avropa hüquq normalarına və standartlarına uyğun gələn qanunvericilik bazası formalaşdırılmışdır.
Əlbəttə, biz bu işləri həyata keçirərkən Avropa Şurasının və onun  Parlament Assambleyasının daimi diqqətini və köməyini hiss edirik. Ölkəmizdə demokratik təsisatların inkişafında, demokratik proseslərin genişləndirilməsində bu qurumlar müstəsna rol oynayır.
Avropa Şurasının Parlament Assambleyası Azərbaycanın ağrılı problemi olan Ermənistanın təcavüzü, Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin  ağır vəziyyəti ilə bağlı məsələlərə xüsusi diqqət yetirmişdir. Təşkilatın müvafiq sənədlərində işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad olunmuş və yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilmişdir.
Bütün bu məsələlərin həllinin uzadılmasının nə qədər təhlükəli olduğunu son vaxtlar Avropanın geosiyasi xəritəsini dəyişdirmək üçün göstərilən cəhdlərin güclənməsi, bunun vasitəsi kimi seçilmiş separatizm hallarının vüsət alması bir daha sübut edir. Uzun illər ərzində formalaşmış beynəlxalq hüquq qaydasının, Avropa təhlükəsizlik sisteminin sabitliyi çətin sınaqlara məruz qalır. Bu gün Avropanın gələcək taleyi həll edilir, özü də Brüsseldə deyil, Avropa Şurasına yeni qoşulmuş ölkələrdə. Bu ölkələrin bir çoxunun qarşılaşdığı problemlər sistemli xarakter daşıyır və sistemli münasibət tələb edir. 
Bununla əlaqədar Milli Məclisin Sədri bir məqama diqqəti cəlb edərək bildirdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu 1992-ci ildən bəri işğal etmişlər. 20 ildən çoxdur ki, ATƏT-in Minsk Qrupu bu məsələ ilə bağlı fəaliyyət göstərir. Təəssüflər olsun ki, hələlik bu fəaliyyətin heç bir nəticəsi yoxdur. İşğal olunmuş ərazilər Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən indiyədək azad edilməmiş, məcburi köçkünlər doğma yurdlarına qayıtmamışlar.
Bu səbəbdən Azərbaycanın işğal edilmiş torpaqlarına bizim razılığımız olmadan  gedən şəxslər  persona non grata  elan edilmişlər. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi bütün ölkələrə, o cümlədən Avropa Şurasının üzvü olan dövlətlərə qabaqcadan məlumat vermişdir.
Buna baxmayaraq, bəzi şəxslər, o cümlədən siyasətçilər bu xəbərdarlığa məhəl qoymur, bizim razılığımızı almadan Azərbaycanın işğal altında olan ərazilərinə gəlirlər. Bu, eyni zamanda Minsk Qrupunun fəaliyyətinə də uyğun deyil. Məhz bu səbəbdən AŞPA Bürosunun üzvü, Fransalı deputat cənab Rukeyə Azərbaycana gəlmək üçün viza verilməmişdir.
Milli Məclisin Sədri avropalı deputatları Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olan bu prinsipial mövqeyini başa düşməyə çağırdı. 
Çıxışının sonunda Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan Respublikasının Milli Məclisi adından iclas iştirakçılarına uğurlar arzuladı.
Sonra xarici işlər naziri, AŞPA Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Azərbaycanın quruma sədrliyi dövründə müəyyən etdiyi əsas hədəflər və prioritetlər barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin həmrəylik və dostluq şəraitində yaşadığı ölkə olmuşdur. Bu iclasda da multikulturalizmlə yanaşı, insan hüquqlarının və demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizə, regional əməkdaşlığın genişləndirilməsi və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycanın quruma sədrliyi dövründə növbəti altı ay ərzində ölkəmizdə bir sıra tədbirlərin keçiriləcəyini diqqətə çatdıran E.Məmmədyarov respublikamızın daxili və xarici siyasətinin əsas prioritetləri və görülən işlər barədə iclas iştirakçılarına məlumat verdi. Xarici işlər naziri Cənubi Qafqazda ümum daxili məhsulun 70 faizinin Azərbaycanda istehsal edildiyini nəzərə çatdırdı. Azərbaycanın iqtisadi uğurlarından danışan Elmar Məmmədyarov ölkədə hazırda yoxsulluğun 5,3 faizə endiyini açıqladı. Sonra xarici işlər naziri avropalı deputatları maraqlandıran suallara da aydınlıq gətirdi.
Sonra iclasda Serbiyada keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri, Miqrantlar, qaçqınlar və QİÇS-ə qarşı mübarizə, Avropa Şurasının idman nəticələrinin manipulyasiyasına qarşı Konvensiya layihəsi, Beynəlxalq İnsan Hüquqları İnstitutlarının və parlamentlərin bərabərliyə və qeyri-diskriminasiya məsələlərinə dair əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıldı. Bu məsələlərlə əlaqədar avropalı deputatlar və Azərbaycanın bu qurumdakı  nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək öz fikirlərini bölüşdülər.
İclasın sonunda  AŞPA-nın sədri Ann Brasör bu təşkilatın Büro və Daimi Komitə iclaslarının ölkəmizdə keçirilməsini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan parlamentinə, şəxsən Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi.
Bununla da AŞPA-nın Bakıda keçirilən Daimi Komitə iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU