AZƏRBAYCAN QANUNVERİCİLİYİNDƏ UŞAQ HÜQUQLARI PRİORİTET MƏSƏLƏDİR

Tədbirlər
29 may 2014 | 04:05   
Paylaşın:        

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mayın 29-da Milli Məclisdə “Azərbaycanda uşaq problemləri: reallıqlar və perspektivlər” mövzusunda dinləmə keçirildi. Tədbiri Azərbaycan parlamenti, UNİCEF, “ChildPact”, Ümidli Gələcək Gənclər Təşkilatı və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı təşkil etmişdi.
Azərbaycan parlamentinin rəhbərliyi adından tədbir iştirakçılarını Milli Məclis Sədrinin müavini Bahar Muradova salamladı, uşaqların bayramını təbrik etdi. Vurğuladı ki, bütün cəmiyyətlərin əsas məqsədi öz gələcəyini təmin etmək, genofondunu qorumaq, sağlam və vətənpərvər uşaqlar yetişdirməkdir. Müstəqil Azərbaycan dövləti uşaqlarımız üçün  lazımi şəraiti yaradıb və bu proses davam edir. Parlamentarilər uşaqların qayğı ilə əhatə olunması üçün hüquqi bazanı kifayət qədər zənginləşdiriblər, ehtiyac duyulan qanunların qəbulu bundan sonra da diqqətdə saxlanacaq. Vitse-spiker uşaq hüquqlarının qorunması sahəsində diqqət yetirilməli olan bir sıra məqamları da önə çəkdi. Fiziki imkanları məhdud olanların cəmiyyətə inteqrasiyası və psixoloji problemlərinin həlli, azyaşlı qızların erkən ailə qurmasının qarşısının alınması, internatlarda yaşayanların ailə tipli birliklərə yönləndirilməsi və s. kimi vacib məsələlərə toxundu.  
Dinləmənin aparıcısı, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunduğunu söylədi. Son illər Azərbaycanda bu sahədə 100-ə yaxın sənədin qəbul edildiyini qeyd etdi. Milli Məclisdə uşaq hüquqları ilə bağlı qəbul olunmuş qanunlardan, parlamentin qoşulduğu  konvensiyalardan danışdı.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard Milli Məclisin uşaq hüquqları sahəsindəki qanunvericilik fəaliyyətini çox yüksək dəyərləndirdi. Bildirdi ki, parlamentdə böyük əhəmiyyətə malik qanunlar qəbul olunub və Azərbaycanda uşaqların vəziyyəti yaxşılaşıb. Mark Herevard dedi ki, təmsil etdiyi qurum dövlətin himayəsində yaşayan, küçələrdə qalan və işləyən, erkən nikaha məcbur edilən, törətdiyi əməllərə görə təcridxanalarda saxlanılan uşaqlara kömək etmək üçün  daim yeni yollar arayır.
Dinləmədə çıxış edən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov bildirdi ki, son illər ölkəmizdə cinayət törədən, xüsusilə təkrar cinayət törədən uşaqların sayı təxminən iki dəfə azalıb.
Tədbirdə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva fikirlərini bölüşdükdən sonra 282 saylı tam orta məktəbin şagirdi Samirə Hüseynovaya söz verildi. Yer kürəsindəki bütün uşaqların bayramını təbrik edən məktəbli qız həmyaşıdlarının arzularını da dilə gətirdi. Bildirdi ki, onlar qaçqın və köçkün uşaqların, uşaq alverinin, bir də  ailələrdə uşaqlara qarşı zorakılığın olmamasını diləyirlər.
Dinləmədə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü Çingiz Həsənbəyli, Milli Məclis Aparatının şöbə müdiri Adilə Abbasova fikirlərini bildirdilər. 
Sonra tədbir iştirakçıları “Uşaq hüquqlarını bilək və qoruyaq” mövzusunda sərgiyə baxış keçirdilər. Azərbaycanın müxtəlif bölgələrindəki məktəblilərin rəsmləri maraqla qarşılandı. Təhsil Nazirliyinin təmsilçisi Həbib Kərimov bildirdi ki, müsabiqədə ən yaxşı otuz rəsm seçilib. Öncə 1-3-cü yerlərin qalibləri mükafatlandırıldılar. Sonra müsabiqədə rəsmləri bəyənilmiş digər uşaqlara diplomlar təqdim olundu.
Tədbirin yekununda ulu öndər Heydər Əliyevin Milli Məclisin foyesindəki abidəsi önündə  uşaqlarla xatirə şəkli çəkdirildi.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU