AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
30 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 30-da  Milli Məclisin Aqrar  siyasət  komitəsinin  növbəti  iclası keçirildi.
Komitənin sədri Eldar İbrahimov iclasın gündəliyinə  daxil  edilən -“Balıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə iştirakçılara ətraflı məlumat verdi. Bildirildi ki, “Balıqçılıq haqqında” qanun hələ 1998-ci ildə Milli Məclis tərəfindən qəbul olunub.  Müasir  dövrün  tələbləri baxımından sənədə təklif olunan dəyişikliklər zəruridir. Əsas məqsəd bu  sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq  standartlara uyğunlaşdırılmasıdır. Eldar İbrahimovun sözlərinə görə, qanuna təklif olunan dəyişikliklər çox olsa da, əksəriyyəti texniki xarakterlidir.
Qeyd olundu ki, bu qanun Azərbaycanda balıqçılığın, o cümlədən akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. Layihəyə görə, bələdiyyə mülkiyyətində olan balıqçılıq obyektlərindəki balıq və digər su bioresursları bələdiyyə mülkiyyətindədir. Akvakultura təsərrüfatının yerləşdiyi belə sahələrdə əldə olunan məhsul  isə onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur. Dövlət mülkiyyətində olan balıqçılıq hövzələrində  balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və təsərrüfatın meliorasiyası məsələləri dövlət vəsaiti hesabına maliyyələşdirilir. Sənəddə xüsusi qorunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq obyektlərində balıq məhsullarının idman və həvəskar ovu üçün istifadəsinə  qanunvericilikdə müəyyən edilmiş qaydada icazə  verilməsi  də öz əksini tapıb.
Müzakirələr zamanı qanuna təklif olunan dəyişikliklər komitə üzvləri tərəfindən razılıqla qarşılandı. Qanuna təklif olunan dəyişikliklərin balıqçılıq məhsullarının istehsal və istehlakına  müsbət  təkan verəcəyi diqqətə çatdırıldı. Qeyd olundu ki, ölkəmiz balıqçılıq sahəsində 12 adda beynəlxalq konvensiyaya qoşulub. Bu da bizə imkan verir ki, xarici təcrübəni öyrənək, qanunvericilik bazasını təkmilləşdirək və balıqçılığın inkişaf etdirilməsində müasir texnologiyaları tətbiq edək.
Geniş müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU