MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
30 may 2014 | 07:05   
Paylaşın:        

Mayın 30-da Milli Məclisin yaz sessiyasındakı sonuncu  plenar iclası keçirildi. İclasa parlamentin Spikeri Oqtay Əsədov sədrlik edirdi. Gündəlik təsdiqləndikdən sonra deputatlar günün aktual məsələləri barədə fikirlərini bölüşdülər. Novruzəli Aslanov məlumat verdi ki, qardaş Türkiyədə baş vermiş Soma faciəsində  zərərçəkənlərə yardım üçün deputat həmkarları Ayaz Orucov və Eldar Quliyevin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyə kampaniyasına start verib. Həmin kampaniyada 40-a yaxın deputat da iştirak edib. İndiyədək toplanmış 38 min dollar vəsait Türkiyə Qızıl Ay Cəmiyyətinə köçürülüb və bu xeyirxah əməl razılıqla qarşılanıb. 
İclasda vitse-spiker Bahar Muradova millət vəkillərinin səsləndirdiyi bəzi məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun layihəsini təqdim etdi. Bildirdi ki, üçüncü oxunuşda Milli Məclisin müzakirəsinə verilmiş bu vacib sənəd yenidən işlənib, dili sadələşdirilib, layihə tam təkmilləşdirilib. Deputatlar 13 maddədən ibarət qanunun lehinə səs verdilər.
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin əhəmiyyətini yüksək dəyərləndirən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu sənəd miqrasiya proseslərinin şəffaf və qanuni şəkildə tənzimlənməsini təmin edəcək. Saziş Milli Məclisdə ratifikasiya olundu.
Sonra Ziyad Səmədzadə “Beynəlxalq Valyuta Fondu haqqında Saziş”in maddələrinə Fondun İcra Şurasında islahatlara dair təklif olunan dəyişikliklər”in təsdiq edilməsi barədə qanun layihəsini ətraflı şərh etdi. Parlament qanun layihəsini təsdiqlədi.
İclasda “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında” Saziş yüksək dəyərləndirildi. Hər iki sənəd ratifikasiya olundu.
Səhər iclasında Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə 3 qanun layihəsi daxil olub. Öncə vitse-spiker “Su təchizatı və tullantı suları haqqında” qanuna təklif olunan dəyişikliklərdən bəhs etdi. Bildirdi ki, qanunun 1-ci maddəsinə yeni 13-cü abzas əlavə olunur. Həmçinin 1-ci maddəyə beynəlxalq təcrübəyə uyğun olaraq “su təsərrüfatı pasportu” anlayışı əlavə edilir ki, bununla bağlı olaraq qanunun müvafiq müddəaları həmin anlayışa uyğunlaşdırılır. Sonra komitə sədri Əli Hüseynli məlumat verdi ki, “Su təchizatı və tullantı suları haqqında” qanunda bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulduğu üçün müvafiq olaraq Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində suyun qeyri-qanuni istifadəsi ilə əlaqədar cərimələrin artırılması nəzərdə tutulur. Qanun layihələrinin üçü də ayrı-ayrılıqda səsə qoyuldu və qəbul edildi.
Milli Məclisdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələ fikir plüralizmi şəraitində müzakirə olundu. Öncə komitə sədri Əli Hüseynli məlumat verdi ki, ölkəmizin sürətli iqtisadi inkişafı miqrasiya məsələlərinin daha dəqiq tənzimlənməsini tələb edir. O baxımdan bəzi münasibətləri daha mükəmməl həyata keçirmək üçün Azərbaycan vətəndaşlığı haqqında  qanunun bir sıra maddələrində dəyişikliklər edilməsinə ehtiyac yaranıb. Layihəyə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 18-ci maddəyə görə, Azərbaycan vətəndaşı könüllü olaraq digər dövlətin vətəndaşlığını qəbul etdikdə, xarici dövlətin seçkili orqanlarında, yaxud silahlı qüvvələrində xidmət etdikdə, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış nümayiş etdirdikdə, ya da Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırdıqda və ya saxta sənəd təqdim etdikdə həmin şəxs Azərbaycan vətəndaşlığını itirir. Qanunun 10-cu maddəsində nəzərdə tutulur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxs bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməzsə, o, cinayət məsuliyyəti daşıyacaq. Komitə sədri nəzərə çatdırdı ki, qanunun 12-ci maddəsinə edilən dəyişiklik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə doğulmuş uşaqlarının hüquqi statusunu daha dəqiq tənzimləyəcək.
Qanun layihəsi iclasda geniş müzakirə olundu. Fazil Mustafa, Aydın Mirzəzadə, Aqil Abbas, Sabir Rüstəmxanlı, Mübariz Qurbanlı, Gövhər Baxşəliyeva rəy və təkliflərini bildirdilər. Layihə səsə qoyuldu və qanun qəbul edildi.
Axşam iclasında Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu gün Azərbaycanın dostları – ABŞ-ın Nyu-Meksiko ştatının senatorları parlamentə təşrif buyurublar. Deputatlar Senatın sədri xanım Meri Peypenin başçılığı ilə iclas salonuna daxil olan qonaqları hərarətlə qarşıladılar. Oqtay Əsədov məlumat verdi ki, Nyu-Meksiko Senatı Xocalı qətliamı haqqında bu soyqırımı pisləyən qətnamə, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağdakı qondarma respublikanın tanınmaması haqqında sənəd qəbul edib. Həmin sənədlərin çərçivəyə salınmış fotoşəklini parlamentarilərə nümayiş etdirən Spiker daha bir müjdə verdi. Bildirdi ki, ABŞ-ın Nyu-Meksiko ştatında 28 mayın “Azərbaycanın milli günü” elan edilməsi ilə əlaqədar bəyannamə imzalanıb. Oqtay Əsədov ştatın bütün rəhbərliyinə, xüsusilə qubernatoru Susana Martinezinə parlament adından təşəkkürünü ifadə etdi.
Sonra parlament işini davam etdirdi. İki qanun layihəsini şərh edən komitə sədri Əli Hüseynli bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların preskursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.2-ci bəndindən irəli gəlir. Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər isə şəxsiyyət, cəmiyyət və dövlət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə əlaqədardır. Layihəyə əsasən, təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, hər hansı milli, etnik, irqi və ya dini  qrupa qarşı soyqırımı törətmə, cinsi zorakılıq, irqi ayrı-seçkilik, qəsdən adam öldürmə, dövlətə xəyanət, casusluq, terrorçuluq, silahlı qiyam, təxribat, dövlət xadiminə və ya ictimai xadimə qarşı sui-qəsd və digər ağır cinayət növləri üzrə cəzaların yuxarı həddi artırılacaq.
Parlament hər iki qanun layihəsinə müsbət münasibət bildirdi.
Sonra iclasda “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalının təsisinə razılıq verildi və  bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliyin edilməsi məqsədəuyğun sayıldı.
Plenar iclasda “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsini təqdim edən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, Milli Məclisə 21 rayondakı 204 bələdiyyədən sənəd daxil olub. Müraciətləri nəzərə alaraq parlament bələdiyyələrin birləşməsinə dair  yeni qanun layihəsi hazırlayıb. Layihədə əvvəlki 204 bələdiyyənin əvəzinə 94 yeni bələdiyyənin yaradılması nəzərdə tutulub. Komitə sədri nəzərə çatdırdı ki, gündəlikdəki növbəti məsələ də bununla əlaqədardır.
Deputatlar “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunu və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər olunması barədə” qanun layihəsini səsvermə yolu ilə qəbul etdilər.
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bununla da yaz sessiyası başa çatır. Deputatların müraciətlərinə əsasən növbədənkənar sessiya olacaqdır. Spiker yaz sessiyasını bağlı elan etdi.
Azərbaycanın Dövlət Himni səsləndirildi.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU