HÜQUQ SİYASƏTİ və DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
03 iyun 2014 | 05:06   
Paylaşın:        

İyunun 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən parlamentə təqdim olunmuş “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə iki qanun layihəsi gündəliyə daxil edilib. Hər iki sənəd Məhkəmə-Hüquq Şurasında da ciddi müzakirə olunub.
Öncə Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisi İlqar Cəfərov təmsil etdiyi qurumun hazırladığı qanun layihəsini deputatlara təqdim etdi. Bildirdi ki, ölkəmizdə yaradılmış Məhkəmə-Hüquq Şurası islahatların nəticəsidir. Məhkəmə hakimiyyətinin özünüidarə sistemi olan bu yeni qurum işlərin təkmilləşdirilməsinə öz töhfəsini verib. Eyni zamanda Azərbaycan Prezidentinin bu il imzaladığı Sərəncama əsasən “Elektron məhkəmə” informasiya sistemi yaradılır ki, bu da əhalinin məhkəməyə müraciət etmə imkanlarını daha da genişləndirərək ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edəcəkdir.
Məruzəçi qeyd etdi ki, “Məhkəmələr və hakimlər haqqında” qanunda nəzərdə tutulan andlı iclasçılar institutu ölkəmizdə məhkəmə-hüquq islahatları başa çatdıqdan sonra qüvvəyə minməli idi. Lakin Baş Prokurorluq tərəfindən bir sıra ölkələrin bu sahədəki təcrübəsi öyrənilib və məlum olub ki, andlı iclasçılar institutu gözlənilən səmərəni vermir. Belə ki, məhkəmədə işlərə andlı iclasçılar baxdığı zaman onların çıxardığı verdiktin qəbulunda hakim iştirak etmir. Bu isə təqsirliliyin müəyyənləşdirilməsində kifayət qədər əsaslı olmayan qərarların qəbuluna səbəb ola bilir. Çünki əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olan andlı iclasçılar bəzən hüquqi mühakimə yürüdə bilmir. Bu fakt isə cinayət qanunvericiliyi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq Baş Prokurorluq “Məhkəmələr və hakimlər haqqında” qanunda andlı iclasçılar institutunun ləğv edilməsini məqsədəuyğun sayır.
İclasda deputatlar Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Mübariz Qurbanlı, Fəzail Ağamalı iradlarını, rəy və təkliflərini bildirdilər. Müzakirələr zamanı komitə sədri Əli Hüseynli, Milli Məclis Aparatının şöbə müdiri Nizami Səfərov və Baş Prokurorluğun idarə rəisi Natiq Hüseynov komitə üzvlərini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirdilər. Dünya təcrübəsindəki mövcud faktlar diqqətə çatdırıldı.
Sonra iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aslan Kəlbalıyev “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsi haqqında Ali Məhkəmə Plenumunun qərarını deputatların nəzərinə çatdırdı. Qanunun bir sıra maddələrinə təklif edilən dəyişikliklər barədə məlumat verdi.
Bu qanun layihəsi də komitədə ətraflı müzakirə olundu. Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edildi. 


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU