MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI
Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin üzvləri fevralın 29-da Milli Məclisdə Azərbaycana səfərlərinə dair mətbuat konfransı keçirdilər.
Milli Məclisin Mətbuat Katibi Akif Təvəkküloğlu bildirdi ki, Pakistan Senatının nümayəndə heyəti fevralın 28-dən Bakıdadır. Qonaqlar ölkə Prezidenti cənab İlham Əliyevlə, Milli Məclisin Sədri Oqtay Əsədovla və Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupu ilə səmərəli görüşlər keçirmiş, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmışlar.
Ölkəsindəki Kütləvi İnformasiya Vasitələrinin vəziyyəti barədə jurnalistlərə məlumat verən Pakistan Senatının sədr müavini Mir Can Camali bildirdi ki, Pakistanda 85 televiziya kanalı fəaliyyət göstərir və KİV-lərin inkişaf səviyyəsi çox yüksəkdir. Qonaq diqqətə çatdırdı ki, Pakistan Azərbaycanla münasibətlərə çox önəm verir və qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişafından məmnundur. Pakistan Senatının sədr müavini azərbaycanlı qardaşları ilə hər zaman həmrəy olduqlarını jurnalistlərin diqqətinə çatdırdı.
Sonra Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri Səlim Seyfulla Xan Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu və martın 2-də Pakistan Senatına seçkilərin keçirilməsinə baxmayaraq, onların Bakıya səfərə gəlməyə üstünlük verdiklərini nəzərə çatdırdı. Komitə sədri ölkəsindəki mövcud ictimai-siyasi vəziyyət barədə jurnalistlərə məlumat verdi. Qeyd etdi ki, Pakistan qaydalarına görə Senatın Komitəsində yekdilliklə qəbul olunmuş Xocalı soyqırımının tanınması haqqında qətnamə bütövlükdə Senat tərəfindən qəbul olunmuş sənəd sayılır. Qətnamədə Xocalı soyqırımını törədən insanların cinayət məsuliyyətinə cəlb olunması tələb edilir. Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq problemin həllinə Pakistanın hər zaman dəstək verdiyini də xüsusi vurğuladı.
Sonra tədbirdə söz jurnalistlərə verildi, onları maraqlandıran suallar cavablandırıldı.
Mətbuat konfransında ölkəmizin Pakistandakı səfiri Daşqın Şikarov və Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əlağa Hüseynov da iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti