BAKIDA TÜRKPA-nın V PLENAR İCLASI ÖZ İŞİNƏ BAŞLADI
İyunun 12-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının – TÜRKPA-nın Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament sədrlərindən ibarət Assambleya Şurasının 5-ci iclası keçirildi.
İclası TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək açaraq tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan parlamentinin rəhbərliyinə təşəkkür etdi. Bildirdi ki, bu gün özümüzü yad ölkədə deyil, öz yurdumuzda hiss edirik. Qeyd etdi ki, son iki həftədə türk dünyası üçün önəmli tədbirlər keçirilir. Bu baxımdan dövlət başçılarının Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı və TÜRKPA-nın hazırkı tədbiri xüsusi önəm daşıyır.
TBMM-in sədri dünən baş vermiş üzücü hadisə – İraqın Mosul şəhərində İŞİD (İraq Şam İslam Dövləti) yaraqlıları tərəfindən orada diplomatik missiyasını yerinə yetirən Türkiyə Baş Konsulluğu əməkdaşlarının, onların ailə üzvlərinin, həmçinin sadə Türkiyə vətəndaşlarının girov götürülməsindən söz açdı. Onların sağ-salamat evlərinə dönməsi üçün bütün imkanların səfərbər edildiyini dedi. Bu hadisəni şiddətlə qınadıqlarını və Türkiyə Baş Konsulluğu personalının dərhal sərbəst buraxılmasını tələb etdiklərini diqqətə çatdırdı. Terrorun qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin birgə mübarizə aparmalı olduğunu vurğuladı. Arzularını dilə gətirərək türk coğrafiyasının əhatə etdiyi bütün ölkələrin uşaqlarının, bütün dünya uşaqlarının sülh və əmin-amanlıq içərisində xoşbəxt yaşaması üçün onlara işıqlı gələcək təmin etməyin vacibliyini vurğuladı.
Sonra TÜRKPA-nın fəaliyyətdə olan Sədri quruma başçılıq etdikləri bir il ərzində görülən işlərdən söz açaraq həmin dövrdə maliyyə nəzarəti, maliyyə məsələlərində şəffaflıq və hesabatlılığın təmin olunmasına, türk dünyasında fəaliyyət göstərən müxtəlif təşkilatlarla əməkdaşlığın qurulmasına və TÜRKPA-nın iş planının öncədən müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verdiklərini bildirdi.
Cəmil Çiçək öz çıxışında Şimali Kipr Türk Cümhuriyyətindəki soydaşlarının problemlərini də TÜRKPA üzvlərinin diqqətinə çatdırdı.
Assambleya Şurasında TÜRKPA-ya sədrlik reqlament üzrə Azərbaycan Milli Məclisinin Spikerinə təhvil verildi.
Quruma sədrliyi böyük qürur hissi ilə qəbul etdiyini bildirən Azərbaycan parlamentinin Sədri Oqtay Əsədov TÜRKPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətinə görə Cəmil Çiçəyə və TBMM-in bütün millət vəkillərinə öz dərin minnətdarlığını çatdırdı. Sonra Qazaxıstan Parlament Məclisinin sədri Habibulla Jakupovu bu vəzifəyə yeni seçilməsi, eyni zamanda TÜRKPA Şurasının üzvü kimi fəaliyyətə başlaması münasibətilə təbrik etdi, hər iki sahədə ona uğurlar arzuladı.
İclasda Milli Məclisin Sədri nəzərə çatdırdı ki, fəaliyyətə başladığı 5 ildən artıq vaxtda TÜRKPA böyük siyasi çəkiyə malik nüfuzlu parlament təşkilatına çevrilib. Bu qurum xalqlarımız arasında dostluq və qardaşlığın dərinləşməsinə xidmət edir. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına töhfələr verir.
Oqtay Əsədov TÜRKPA-da ikinci dəfə sədrliyə başlayan Azərbaycan parlamentinin qarşıdakı bir ildə görəcəyi işlərdən də danışdı. Qurum çərçivəsində fəaliyyət göstərən 4 daimi komissiyanın müsbət işlərini qeyd etməklə yanaşı, onların strukturunda dəyişikliklər edilməsinə zərurət yarandığını dedi. Qeyd etdi ki, qurumun səmərəliliyinin artırılması üçün ekspert potensialının inkişafına çalışmaq lazımdır. Həmçinin həmkarı Cəmil Çiçəyin sözünə dəstək verərək, türk dillərini mükəmməl bilən səriştəli və yüksək ixtisaslı tərcüməçilərin hazırlanması vacibliyini vurğuladı. Milli Məclisin Sədri ümidvar olduğunu bildirdi ki, TÜRKPA-nın 5-ci plenar iclasında aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr, qəbul ediləcək qərarlar ötən illər ərzində kifayət qədər möhkəmlənmiş təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaq.
Çıxışında Milli Məclisin Sədri onu da qeyd etdi ki, TÜRKPA Türkiyənin Mosuldakı Baş Konsulluğu əməkdaşlarının və vətəndaşlarının girov götürülməsini qətiyyətlə pisləyir və onların dərhal azad edilməsini tələb edir. Bu, qurumun qəbul edəcəyi sənədlərdə öz əksini tapmalıdır.
Sonra Oqtay Əsədov Assambleya Şurasının gündəliyi barədə məruzə etdi. Gündəlik qəbul olundu.
İclasda TBMM-in Sədri Cəmil Çiçək TÜRKPA-ya Türkiyə tərəfi sədrliyinin fəaliyyəti barədə geniş məlumat verdi. TÜRKPA Katibliyinin illik fəaliyyətinə dair məruzəni qurumun Baş Katibi Jandos Asanov təqdim etdi. Müzakirələr aparıldı və məruzə təsdiq olundu.
Assambleya Şurasında “TÜRKPA komissiyalarının yenidən təşkil edilməsi” barədə Hüquqi məsələlər üzrə Komissiyanın sədri, Türkiyə nümayəndə heyətinin üzvü Haluk İpekin məlumatı dinlənildikdən sonra ətraflı fikir mübadiləsi aparıldı və məsələ üzrə qərar təsdiqləndi.
İclasda “TÜRKPA-nın fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi” mövzusunda məruzə maraqla qarşılandı. Rəy və təkliflər bildirildi. İştirakçılar Baş Katibin təqdimatında “TÜRKPA Katibliyinin 2013-cü il büdcəsinin həyata keçirilməsinə dair hesabatı” da qəbul etdilər. Sonra “TÜRKPA Katibliyinin 2015-ci il büdcə layihəsi”nə baxıldı. Müzakirələrin yekununda büdcə təsdiq olundu.
Assambleya Şurası Macarıstan Milli Məclisinin TÜRKPA-da müşahidəçi statusu alınmasıyla bağlı müraciətini də müsbət qarşıladı.
Bir sıra təşkilati məsələlərə baxıldı. Qurumun 6-cı plenar sessiyasının Qazaxıstanda keçirilməsi qərara alındı. Həmçinin TÜRKPA-nın 5-ci plenar iclasının gündəliyi təsdiqləndi.
Assambleya Şurasının iclası yekunlaşdıqdan sonra Milli Məclisin foyesində ailə fotosu çəkdirildi.
Milli Məclisin
Mətbuat xidməti