BAKIDA TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ 5-Cİ PLENAR İCLASI KEÇİRİLDİ
İyunun 13-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının beşinci plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri və Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətdə olan Sədri Oqtay Əsədov qonaqları salamlayaraq iclasın işinə uğurlar arzuladı.
Sədr bildirdi ki, hələ səkkizinci əsrdə Bilgə Xaqandan başlayaraq, türk dünyasının mütəfəkkir insanları türkdilli xalqların tərəqqi və inkişafını onların birliyində və yekdilliyində görmüşlər. Tarix boyu dünyanın çox geniş bir ərazisinin geosiyasi mənzərəsini müəyyən edən türkdilli xalqlar vahid sivilizasiya əlamətlərini heç zaman itirməmişlər. Sonrakı dövrdə türk birliyi ideyası İsmayıl Qaspıralı, Yusuf Akçura, Əli bəy Hüseynzadə, Ziya Göyalp kimi ziyalıların əsərlərində dərindən araşdırılmış və “dildə, fikirdə, əməldə birliyə” nail olmaq siyasəti irəli sürülmüşdür.
Ötən əsrin sonlarında Türkiyə Respublikası ilə yanaşı, yeni müstəqil türk dövlətlərinin tarix səhnəsinə çıxması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların əlbir hərəkət etməsi zərurətinin daha dərindən anlaşılmasına gətirib çıxarmışdır. Türkdilli dövlət başçılarının zirvə görüşlərinin keçirilməyə başlanması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının təsis edilməsi, TÜRKSOY təşkilatının qurulması məhz bu zərurətdən irəli gəlmişdir.
Türkdilli Ölkələrin Parlament Assambleyası 5 ildən artıq fəaliyyəti ilə özünü xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli bir vasitəsi kimi göstərə bilmişdir. Assambleya çərçivəsində iş birliyi dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da dərinləşməsinə şərait yaratmışdır.
Sədr bildirdi ki, TürkPA-nın üzvü olan parlamentlərimiz öz ölkələrinin siyasi və ictimai həyatında vacib rol oynayırlar. Onların vahid bir assambleyada birləşməsi ümumi məqsədlərimizin həyata keçirilməsi yollarının axtarılmasına kömək göstərir. TürkPA tarix, dil və mədəniyyət ümumiliyinin verdiyi imkanlardan istifadə edərək xalqlarımızın və dövlətlərimizin ümumi problemlərinin açıq müzakirəsi üçün əlverişli siyasi dialoq forumu rolunu oynayır.
Sədr diqqətə çatdırdı ki, bu gün Türkdilli Ölkələrin Parlament Assambleyası dünyanın nüfuzlu regional qurumlarından biridir. Təşkilatımız Parlamentlərarası İttifaqda və İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında müşahidəçi statusuna malikdir, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində xüsusi qonaq kimi iştirak edir.
Avropa Parlamenti, MDB-nin Parlamentlərarası Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, Rusiya Federal Məclisinin Federasiya Şurası ilə əməkdaşlıq əlaqələri həyata keçirilir. Təşkilatın beynəlxalq fəaliyyətinin bir uğuru da TürkPA-nın Baş katibinin Parlament Baş Katibləri Assosiasiyasına üzv qəbul edilməsi olmuşdur.
Sədr qeyd etdi ki, müasir dünyada cərəyan edən siyasi proseslərin məntiqi parlamentlər arasında qarşılıqlı əlaqənin güclənməsinə gətirib çıxarmışdır. Türdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyəti ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlqalərin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır. Ənənəvi diplomatiya mexanizmlərini tamamlayan parlament diplomatiyası dövlətlərin qarşılaşdığı problemlərin həllinə parlament vasitələrinin köməyi ilə sanballı töhfə verir.
Sədr onu da vurğuladı ki, TürkPA-nın üzvü olan hər bir dövlətin uğuru digər dövlətlərin uğurudur. Bizim dövlətlərimiz siyasi, iqtisadi və hərbi cəhətdən nə qədər güclü olarsa, onların ümumi işimizə verə biləcəyi töhfə bir o qədər böyük olar. Azərbaycan Respublikasında həyata keçirilən siyasət ölkəmizi müasir dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevirmişdir. Son on ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır. Dövlət büdcəsinin həcmi 19 dəfədən çox artaraq 20 milyard manata, yəni 25,6 milyard dollara çatmışdır. Bu illər ərzində ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 155 milyard dollardan çox sərmayə yatırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları ötmüşdür.
Dövlətimizin iqtisadi qüdrətinin artması regionda həyata keçirilən transmilli layihələrin uğuruna təminat yaratmışdır. Hazırda ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum neft və qaz kəmərləri artıq istismara verilmişdir. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişi davam edir. Digər enerji-nəqliyyat layihələrinin həyata keçirilməsinə hazırlıq görülür. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr türk dünyasının xalqlarına tərəqqi və inkişaf gətirir.
Sədr onu da vurğuladı ki, təəssüf ki, indiyədək həll edilməyən bir sıra münaqişələr həm beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi qorxu törədir, həm də regional inteqrasiya proseslərinin inkişafına mane olur. 20 ildən artıqdır ki, Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir, 1 milyon vətəndaşımız qaçqın və köçkün vəziyyətində yaşayır. Biz əminik ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında nizama salınması digər münaqişə ocaqlarının da aradan qaldırılmasına kömək göstərə bilər.
Qeyd olundu ki, Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin diqqətini dövlətimiz üçün ən vacib problemin həllinə cəlb etməyə çalışır. Bu yolda uğurlarımız az deyildir. Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, İslam Əməkdaşlığı Təşkilatının Parlament Məclisi kimi nüfuzlu parlament təşkilatları Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dövlətimizin haqlı mövqeyini dəstəkləyən sənədlər qəbul etmişlər. Sədr Azərbaycanla bağlı məsələlərin müzakirəsində nümayəndə heyətimizi dəstəkləyən bütün ölkələrin, xüsusən türkdilli dövlətlərin təmsilçilərinə bir daha minnətdarlığını bildirdi.
Sözünün sonunda Milli Məclisin Sədri və TÜRK PA-nın faəliyyətdə olan Sədri Oqtay Əsədov toplantının işinə uğurlar, xalqlarımıza sülh, tərəqqi və firavanlıq arzuladı.
Çıxış edən Qazaxıstan Respublikası Məclisinin Sədri Habibulla Jakupov TürkPA-nın sədrliyini qəbul etmiş Oqtay Əsədova gələcək sədrlik dövründəki fəaliyyətində uğurlar arzuladı. O, Azərbaycan tərəfinin də təşkilatın daha da genişlənməsinə və nüfuzunun artmasına önəmli töhfələr verəcəyinə əminliyini bildirdi.
İyunun 5-də Türkiyənin Bodrum şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı barədə danışan Habibulla Jakupov həmin toplantının türkdilli ölkələr arasındakı əlaqələrin daha da genişləndirilməsi baxımından çox önəmli olduğunu dedi. Qeyd etdi ki, parlamentlərarası əlaqələrin genişlənməsi ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından çox önəmlidir. O, bildirdi ki, beş ilə yaxın müddət ərzində biz çox mühüm işlər görmüşük. Lakin türk dünyası birliyini daha da gücləndirmək üçün görüləsi işlərimiz də çoxdur. Habibulla Jakupov diqqətə çatdırdı ki, bizim əsas gücümüz türk dünyası xalqları arasında din, dil, tarix və mədəniyyət ortaqlığıdır.
Sonra çıxış edən Qırğızıstan Respublikası Jogorku Keneşinin Sədri Asilbek Jeenbekov qeyd etdi ki, TürkPA-ya üzv dövlətlər arasında münasibətlər möhkəm dostluq və qardaşlıq əlaqələrinə əsaslanır. Təşkilat tərəfindən qəbul olunan bütün qərarlar xalqlarımızın təhlükəsiz yaşamasına və rifah halının yaxşılaşmasına xidmət edir. Bizim inkişafımız üçün bir yerdə olmağımız, bütün problemlərimizi birgə həll etməyimiz çox önəmlidir. Düşünürəm ki, bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə ehtiyacımız vardır. Ölkələrimiz arasında ən yüksək səviyyədə görüşlərin keçirilməsi, önəmli qərarların qəbul olunması artıq öz müsbət nəticələrini verməkdədir.
Daha sonra Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək çıxış edərək bu toplantının ortaq tarixə, dinə, dilə malik dövlətlər arasında möhkəm bir əməkdaşlığın qurulmasına xidmət edəcəyinə əminliyini ifadə etdi. Türkdilli dövlətlər arasındakı əməkdaşlığın artıq reallığa çevrildiyini deyən parlament sədri bu əməkdaşlığın xalqlarımızın rifahının yaxşılaşmasına xidmət etdiyini vurğuladı.
Cəmil Çiçək TürkPA-ya sədrlik dövründə Türkiyə tərəfinin xalqlarımız arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə çalışdığını qeyd etdi. TürkPA-nın daha böyük və güclü təşkilata çevrilməsi üçün bir sıra önəmli addımların atıldığını deyən Böyük Millət Məclisinin sədri bundan sonra da bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı.
Cəmil Çiçək bildirdi ki, artıq yenidən formalaşan dünyada parlamentlərin rolu daha da artmaqdadır. Xalqlarımızı təmsil edən parlamentlər arasında diplomatiyanın önəmi xeyli artmışdır. Parlamentlər arasında əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması çox vacibdir. TürkPA türk dünyası ölkələri arasında bu işləri görür. Bura bizim parlamentlərimizin müzakirə aparacağı bir yerdir. Burada problemlərimizin həlli yollarının, gələcək layihələrin müzakirəsi və qərarların qəbulu çox önəmlidir. Bu da ancaq xalqlarımızın bir-birinə qarşılıqlı inamı şəraitində mümkün ola bilər.
Bildirildi ki, 2008-ci ildən fəaliyyət göstərən TürkPA bu gün nüfuzlu bir təşkilata çevrilmişdir. Digər türk dövlətlərinin də təşkilata qatılmasının vaxtı çatmışdır. Əlbəttə ki, bu, bizləri daha da gücləndirəcəkdir.
Türk dünyası ölkələrinin qardaş olduğunu xatırladan Cəmil Çiçək bu xalqların sevincləri ilə yanaşı, kədərlərinin də ortaq olduğunu vurğuladı. Bildirdi ki, bizim vəzifəmiz hər zaman bir-birimizin yanında olmaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi gündəlikdə duran ən önəmli problemdir. Azərbaycan torpaqlarında haqsız və hüquqsuz bir işğal davam edir. Regionda sabitliyin bərpa olunması işğala son qoyulmasına, bir milyondan artıq insanın yenidən doğma torpaqlarına geri qayıtmasına bağlıdır. TürkPA olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən və Ermənistanın haqsız işğalına qarşı birgə mövqe tutmaqdan geri çəkilməyəcəyik. Bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır.
Cəmil Çiçək qatıldığı bütün tədbirlərdə bunu dəfələrlə vurğuladığını və bu problemin eyni zamanda Türkiyənin də problemi olduğunu diqqətə çatdırdı.
Sonra iclasın gündəliyi müzakirəyə çıxarıldı. Gündəlik təsdiq edildikdən sonra Macarıstan Milli Assambleyasına TÜRKPA-da müşahidəçi statusunun verilməsi məsələsinə baxıldı. Məsələ barədə Macarıstan Milli Assambleyasının vitse-spikeri Sandor Lezsakın məlumatı dinlənildi və iclas iştirakçıları Macarıstan Milli Assambleyasına TÜRKPA-da müşahidəçi statusu verilməsinə müsbət münasibət bildirdilər.
Daha sonra QDİƏT PA-nın sədr müavini, Türkiyə nümayəndə heyətinin QDİƏT PA-da üzvü Mehmet Çetinkaya, TÜRKSOY-un Baş katibi Düsen Kaseynov, Türk Akademiyasının Prezidenti Darxan Kıdıralı, Dünya Türk Gəncləri Birliyinin Baş koordinatoru Elşad Abdullayev, Marmara Qrupu Fondunun Prezidenti Akkan Suver və MDB PA-nın Baş katibinin müavini Aydın Cəfərov çıxış edərək türkdilli ölkələrin gələcəyi, TÜRK PA-nın qarşısında dayanan məsələlər barədə fikirlərini açıqladılar.
Fasilədən sonra sessiya çərçivəsində TÜRK PA-nın komissiyalarının gündəliklərindəki məsələlər müzakirə olundu. İki yeni komissiya təşkil olundu. Komissiyaların yeni sədr və sədr müavinləri seçildi. Növbəti ilə TürkPA Katibliyinin büdcəsi təsdiq olundu. TürkPA-nın VI plenar iclasının 2015-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alındı. Sessiyanın sonunda TÜRK PA-nın Bakı Bəyannaməsi qəbul edildi.
Sonra parlament nümayəndə heyətləri rəhbərlərinin plenar sessiyanın yekunlarına həsr olunmuş brifinqi keçirildi və bir sıra məsələlərə aydınlıq gətirildi.
Bununla da Türkdilli Ölkələrin Parlament Assambleyasının beşinci plenar iclası işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti