NATO PA-NIN “CƏNUBI QAFQAZ: ÇAĞIRIŞLAR VƏ İMKANLAR” MÖVZUSUNDA ROUZ-ROUT SEMINARINDA

Tədbirlər
17 iyun 2014 | 01:06   
Paylaşın:        

İyunun 16-da Bakıda Milli Məclisin və NATO Parlament Assambleyasının təşkilatçılığı ilə “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı öz işinə başlamışdır. Seminarın açılış sessiyasına Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov rəhbərlik edirdi.
Rouz-Rout seminarı haqda ətraflı məlumat verən Ziyafət Əsgərov bildirib ki, bu, Bakıda keçirilən  sayca üçüncü seminardır. Ölkəmizin NATO arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycan 1994-cü ildən “Sülh naminə tərəfdaşlıq” və Fərdi Tərəfdaşlıq proqramları çərçivəsində NATO ilə sıx tərəfdaşlıq edir.
Milli Məclisin Sədri Oqtay Əsədov açılış sessiyasında çıxış edərək seminarın işinə uğurlar arzulayıb. Parlamentin sədri əmin olduğunu bildirib ki, seminarda aparılacaq fikir mübadiləsi, irəli sürüləcək təkliflər Cənubi Qafqaz bölgəsində sabitliyin və təhlükəsizliyin təmin edilməsi sahəsində problemlərin həllinə öz töhfəsini verəcəkdir. Parlamentin spikeri deyib: “Bakıda üçüncü dəfə keçirilən Rouz-Rout seminarı əlamətdar bir vaxta təsadüf edir. Bu yaxınlarda “Sülh naminə tərəfdaşlıq” Proqramının və Azərbaycanın bu proqrama qoşulmasının 20-ci ildönümü qeyd  edildi. Prezident İlham Əliyevin dediyi kimi, “Sülh naminə tərəfdaşlıq” Proqramına 20 il üzvlük müddəti ərzində Azərbaycan ilə NATO-nun münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə, təhlükəsizlik və müdafiə islahatları ilə bağlı məsələlərdə praktik əməkdaşlıqdan ibarətdir. Bizim ölkəmiz NATO ilə əməkdaşlığa Avratlantik məkanda təhlükəsizliyə, sülhə, iqtisadi inkişafa və demokratiyaya töhfə vermək imkanı kimi baxır. Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsi prinsipindən çıxış edərək, NATO rəhbərliyi ilə sülhü dəstəkləmə əməliyyatlarına yaxından qoşulub. Azərbaycan bundan sonra da NATO-nun yaxın və etibarlı tərəfdaşı olmaq əzmindədir. Biz Alyansla qarşılıqlı öhdəliklərə əsaslanan möhkəm münasibətlərin tərəfdarıyıq”.
 Bildirilib ki, təşkilatda ölkəmizi təmsil edən nümayəndə heyəti Assambleyanın bütün tədbirlərində, o cümlədən ildə iki dəfə keçirilən sessiyalarında fəal iştirak edir. Bu tədbirlər zamanı NATO-Azərbaycan münasibətləri, terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, təhlükəsizlik sahəsində qurumun rolu, Avratlantik təhlükəsizliyi və digər məsələlər barəsində aparılan fikir mübadiləsi ikitərəfli münasibətlərin dərinləşməsinə kömək edir. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, 1 milyondan artıq soydaşımız öz dogma  yurdundan qaçqın və məcburi köçkünə çevrilib. Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırışlar edərək, ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin tələblərinin həyata keçirilməsini istəyir. BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnamənin, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il tarixli qətnaməsinin, Avropa Parlamentinin və digər beynəlxalq qurumların qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi zərurəti bir  daha  diqqətə  alınmalıdır. NATO-nun Zirvə görüşlərində müttəfiq ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur. Parlamentin sədri bunu yüksək qiymətləndirib və üzv dövlətlərə bir daha minnətdarlığını ifadə  edib.
Toplantıda NATO PA-nın Prezidenti Hu Beylin çıxış  edərək  86-cı dəfə keçirilən Rouz-Rout seminarının əhəmiyyətindən danışıb. Bildirilib ki, seminarın keçirilməsində əsas məqsəd qanunverici orqanlar arasında əməkdaşlığı gücləndirməklə təhlükəsizliyin təminində parlamentlərin rolunu artırmaqdır. Bu seminarda təhlükəsizlik məsələləri müzakirə olunur və bir sıra problemlər öz həllini tapır. Artıq üçüncü dəfədir ki, bu seminar Azərbaycanda keçirilir  və bütövlükdə  regionun  təhlükəsizliyini  təhdid  edən  problemlər  müzakirə olunur. Qeyd edilib ki,  Azərbaycan strateji baxımdan çox mürəkkəb regionda yerləşir. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionun ən aktual məsələlərindən biridir. Təbii ki, münaqişənin sülh yolu ilə həlli  üçün qarşılıqlı anlaşma və etimadın yaradılması vacib şərtlərdir. NATO bu istiqamətdə öz səylərini əsirgəməyəcəkdir. Qurumun Prezidenti çıxışında  Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramındakı fəal iştirakını  da yüksək qiymətləndirib.
Sonra tədbirdə İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer, LİNKS Təhlil Mərkəzinin direktoru Denis Sammut  çıxış  edərək  seminarın önəmindən danışmış, bunun Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışlar.
Seminarın açılış sessiyası mövzu ətrafında müzakirələrlə davam etdirilmişdir.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU