NATO-NUN ROUZ-ROUT SEMİNARININ SESSİYALARI ÖZ İŞİNƏ BAŞLAYIB
İyunun 16-da Bakıda keçirilən 86-cı Rouz-Rout seminarı sessiyalar üzrə öz işini davam etdirib.
Əvvəlcə NATO PA-nın prezidenti Hu Beylinin moderatorluğu ilə “Azərbaycanın xarici və təhlükəsizlik prioritetləri – Avro-Atlantik inteqrasiya” mövzusunda birinci sessiya keçirilib. Mövzu ilə bağlı çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev müasir Azərbaycanın müstəqillik tarixi, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. Xarici işlər nazirinin müavini vurğulayıb ki, Azərbaycan torpaqlarının işğal altında saxlanılması regionda təhlükəsizliyin təmininə çox böyük maneə törədir. Bu gün Azərbaycan Avropa ilə Asiyanın qovşağunda yerləşən mühüm tranzit ölkədir. Azərbaycan coğrafi mövqeyindən kifayət qədər səmərəli istifadə edərək regionda bir sıra mühüm enerji və nəqliyyat layihələri həyata keçirir. Bu layihələr regionun iqtisadi qüdrətinin artması baxımından çox önəmlidir.
Sonra nazir müavini Azərbaycan hökumətinin cəmiyyətin inkişafı, demokratiyanın təmin olunması, gənclərin keyfiyyətli təhsil alması istiqamətində gördüyü mühüm işlərdən söhbət açıb.
Sonra sessiyanın mövzusu ilə əlaqədar Müdafiə Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin direktoru Mətyu Brayzə çıxış edib. O da öz növbəsində bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə güclü mövqeyə malikdir və bir sıra mühüm layihələrə investisiyalar yatırır. Əminik ki, gələcəkdə bu investisiyalar dahga da artacaq. Metyu Brayzə bildirib ki, Azərbaycan ABŞ-ın çox mühüm tərəfdaşıdır. Beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərində birgə əməkdaşlıq sahəsində görülən işlər buna bariz misaldır. Tolerant Azərbaycan cəmiyyətində müxtəlif mədəniyyətlərə, dini inanclara sahib olan insanlar dinc yaşayır.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov müzakirələrə qoşularaq BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin mətnində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması ilə bağlı müddəaları diqqətə çatdırıb. O, beynəlxalq təşkilatları ikili standartlara son qoymağa çağırıb.
Sonra NATO PA siyasi komitəsinin sədri Joze Lellonun moderatorluğu ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” mövzusunda ikinci sessiya keçirilib. Mövzu ilə əlaqədar Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edib. O, bildirib ki, bu günə qədər ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir mühüm irəliləyişə nail ola bilməyib: “Təəssüf ki, Avropa dövlətlərinin dünyada baş verən digər münaqişələrə göstərdiyi reaksiya Cənubi Qafqazda baş verən bu münaqişədə özünü göstərmir.” Nazir müavini sonra qeyd edib ki, ermənilərin Suriyadan, Livandan olan qaçqınları işğal olunmuş Azərbaycan ərazisində məskunlaşdırması bizi ciddi narahat edir. Bu, münaqişənin həllini daha da mürəkkəbləşdirir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Günün sonunda Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Malena Mardın moderatorluğu ilə “Azərbaycanda idarəçilik sektorunda islahatlar” mövzusunda üçüncü sessiya keçirilib. Bildirilib ki, Avropa İttifaqı Azərbaycanda və digər ölkələrdə fəallığı ilə seçilir. Avropa İttifaqı bu ölkələrdə layihələrini Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində həyata keçirir. Səfir Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluqla danışaraq bu əlaqələrin genişlənəcəyinə əminliyini bildirib.
Milli Məclisin
Mətbuat xidməti