NATO Parlament Assambleyasının Bakıda keçirilən 86-cı Rouz-Rout seminarı başa çatdı

Tədbirlər
19 iyun 2014 | 10:06   
Paylaşın:        

Bakıda keçirilən NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı iyunun 17-18-də işini müxtəlif mövzularda sessiyalarla davam etdirdi.
Tədbirdə iştirak edən xarici ölkə nümayəndələri ilə yanaşı, Milli Məclisin deputatlarından Siyavuş Novruzov, Zahid Oruc, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Fərəc Quliyev mövzularla əlaqədar müzakirələrdə öz fikirlərini bildirdilər.
İyunun 18-də seminarda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov diqqətə çatdırdı ki,  seminarda hökm sürən azad müzakirə və polemika mühiti bizi çox sevindirdi. Bildirdi ki, Cənubi Qafqaz regionu yerləşdiyi mühüm coğrafi məkana və malik olduğu qiymətli resurslara görə dünya üçün əvəzsiz strateji önəm daşıyır. NATO kimi mühüm hərbi-siyasi alyansın prioritetlərində yer almış bu regionun iqtisadi və siyasi əhəmiyyəti hər kəs tərəfindən qəbul olunur. Bu isə bizə onu deməyə əsas verir ki, bundan sonra da əməkdaşlıq və dialoq mühiti maraqların sıx surətdə uzlaşdırılmasına, vahid platformaya və inteqrasiya proseslərinə müsbət təsir göstərəcəkdir. Mən çox şadam ki, Azərbaycanın seçdiyi strateji kurs Cənubi Qafqazın sabitliyini artırır və ona geridönməz xarakter verir. Bu əvəzsiz missiyanın təmin olunmasının başlıca səbəbi isə mənim ölkəmin müstəqil siyasət yürütməsi, dürüst və etibarlı tərəfdaş olması, mühüm beynəlxalq hüquq prinsiplərini tanımasıdır.
Bizim sabitləşdirici rolumuzun Avropa Birliyi və NATO tərəfindən, o cümlədən regionun əsas dövlətlərinin dilindən yüksək qiymətləndirilməsi bizi məmnun edir, seçdiyimiz strateji kursda ardıcıl və davamlı olmağa yüksək mənəvi ruh verir. Azərbaycanın  təkcə enerji ixracatçısı kimi deyil, həmçinin regional sülhün və təhlükəsizliyin başlıca təminatçısı kimi  qəbul olunması indi danılmaz bir faktdır. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı region üçün böyük təhlükədir. Azərbaycan Cənubi Qafqazı dostluq və əməkdaşlıq məkanı kimi görür. Çünki Cənubi Qafqazın təhlükəsizliyi dünya və Avropa təhlükəsizliyinin ayrılmaz hissəsidir.
Seminara yekun vuran NATO Parlament Assambleyasının Prezidenti Hu Beyli qonaqpərvərliyə görə Milli Məclisin Sədri Oqtay Əsədova və Sədrin birinci müavini, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərova təşəkkürünü bildirdi.
Diqqətə çatdırdı ki, ötən üç gündə aparılan müzakirələr açıq şəkildə göstərdi ki, NATO ölkələrinin bu regionun ölkələri ilə bir çox ortaq maraqları vardır. Azərbaycan və onun Cənubi Qafqazdakı qonşuları Avro-Atlantik zonanın sərhədində təhlükəsizlik və stabillik, Rusiya və İran ilə gələcək əlaqələr, Əfqanıstanda stabillik kimi ortaq maraqların olduğu məsələlərdə vacib perspektivlər təklif edə bilərlər. Onlar həmçinin Avropanın enerji təhlükəsizliyinə də dəyərli töhfələr verə bilərlər.
Hu Beyli bildirdi ki, Azərbaycan 20 il bundan öncə Sülh Naminə Tərəfdaşlığa ilk üzv olduğu vaxtdan NATO üçün fəal və önəmli tərəfdaşdır. NATO PA-nın Prezidenti NATO-nun əməliyyatlarına və Əfqanıstandakı ortaq işlərə yardımlarına görə Azərbaycana təşəkkürünü bildirdi.
Bununla da NATO Parlamet Assambleyasının 86-cı Rouz-Rout seminarı işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU