MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
20 iyun 2014 | 05:06   
Paylaşın:        

İyunun 20-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.
Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini, parlamentin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO Parlament Assambleyasının Bakıda keçirilən 86-cı Rouz-Rout seminarının yüksək səviyyədə təşkilinə görə Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, NATO PA-nın bu seminarında azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri açıqlamaq, ikinci məqsəd isə Azərbaycanın Avroatlantik məkanda əhəmiyyətini vurğulamaq idi. Hər iki məsələ geniş şəkildə müzakirə olundu və seminar uğurlu keçdi.
Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsində deputatların səsləndirdikləri fikirlərə münasibət bildirdikdən sonra gündəlikdəki məsələlər müzakirə olundu.
Əvvəlcə iclasda İnqilab Maşallah oğlu Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında, Zərbəli Şirinbala oğlu Zərbəliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında, Bakı, Şirvan və Şəki Apellyasiya məhkəmələrinin hakimləri Natiq Abbasovun, Zamin İbrahimovun və İnşallah Quliyevin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduqları vəzifələrdən azad edilməsi haqqında məsələlər səsə qoyularaq təsdiq edildi.
Sonra deputatlar  Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsini və “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Sazişi təsdiq etdilər.
Daha sonra iclasda “Dövlət sirri haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Banklar haqqında”, “Fərdi məlumatlar haqqında”, “Dövlət rüsumu haqqında”, “Avtomobil yolları haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunlara dəyişikliklər etdilər. Bildirildi ki, bütün bu dəyişikliklər ölkə qanunvericiliyinin daha da inkişafına və nizamlanmasına xidmət edir.
Millət vəkilləri bir sıra məcəllələrə də dəyişikliklər etdilər. Belə ki, iclasda İnzibati Xətalar, Şəhərsalma və Tikinti, Mülki, Vergi Məcəllələrinə də müvafiq dəyişikliklər edildi.
İclasda bələdiyyələrin fəaliyyətinin daha da gücləndirilməsinə yönəldilmiş məsələlər də müzakirə olundu. Bu baxımdan “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Büdcə sistemi haqqında” qanunlara və Vergi Məcəlləsinə  edilən dəyişikliklər də qəbul olundu.
İclasın gedişində ölkəmizdə məhkəmə sisteminin daha da inkişafı deputatların diqqət mərkəzində oldu. Bu məqsədlə “Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Qanunlara   bir sıra dəyişikliklər edildi. “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən dəyişikliyə görə məhkəmələrdə işlərə andlı iclasçılardan ibarət tərkibdə baxılması ilə bağlı müddəa qanunun mətnindən çıxarıldı. Beləliklə ölkəmizdə andlı iclasçılar institutu ləğv edildi.
Bununla da Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU